Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhidlərimizlə bağlı kitab çapına da hansısa formada nəzarət olmalıdır

Şəhidlərimizlə bağlı kitab çapına da hansısa formada nəzarət olmalıdır


"Qeyri-qanuni olaraq medal, döş nişanı təsis edərək onu müxtəlif şəxslərə təqdim edən bəzi qeyri-hökumət təşkilatlarına qarşı hüquqi çərçivədə addım atılması təqdirəlayiqdir. Çünki bu addım, QHT-nin medal təsis etməsi ilk növbədə qanunvericiliyə ziddir. Digər tərəfdən bu cür qeyri-qanuni addım atan təşkilatların qanunsuz əməllərindən çəkinmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilmişdi. Xəbərdarlıqdan nəticə çıxarmayan təşkilatlara qarşı hüquqi çərçivədə addım atılması artıq zərurətə çevrildi".

Bu fikirləri Newscenter.az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. ATXƏM sədri hesab edir ki, qanunsuz medal təsis edən bəzi təşkilatlar barədə hüquqi çərçivədə tədbir görülməklə yanaşı, eyni zamanda şəhidlərimiz barədə kitab çapına da hansısa formada nəzarət olmalıdır:

"Şəhidlər bizim baş tacımızdır, onlara hörmət və ehtiramımız sonsuzdur. Onların Azərbaycanımız üçün etdikləri fədakarlığı heç nə ilə qarşılaya bilmərik. Ancaq təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi hallarda müəyyən şəxslər şəhidlərimizdən alver predmeti kimi istifadə edirlər. Kimsə bir şəhidimiz haqqında hansısa zirzəmidə yerləşən, cəmiyyətin tanımadığı nəşriyyatda kitab çap edir və sonra da qapı-qapı düşüb həmin kitabı satmağa başlayır. Öz təcrübəmdən çıxış edərək deyərdim ki, dəfələrlə belə hallarla rastlaşmışam. Kitabı almırsansa, başlayırlar özlərinə yaxın mətbu orqanlarda səni qaralamağa ki, İlham müəllim şəhidlərə qarşı hörmətsizlik etdi. Alanda da sən də avtomatik həmin alver predmetinin bir həlqəsinə çevrilirsən".

İlham İsmayılov qeyd edib ki, ən məyus edici məqam şəhidlərlə bağlı çap edilən həmin kitablarda kifayət qədər səhvlərin olmasıdır:

"Nəinki texniki, hətta qrammatik cəhətdən də o kitablar başdan ayağa bərbad vəziyyətdə olur. Adamlar mübtəda ilə xəbərin yerini belə düz yazmırlar. Hesab edirəm ki, belə hallar şəhidlərimizin ruhuna ehtiramdan daha çox hörmətsizlikdir".

ATXƏM sədri təklif edib ki, şəhidlərimizlə bağlı kitab çapına da hansısa formada nəzarət olmalıdır ki, belə biabırçı vəziyyətlərlə üzləşməyək.

Süleyman
Xəbəri paylaş