
"Oktyabrın 7-də, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti 12-ci Zirvə toplantısı keçiriləcək. Toplantının Azərbaycanda, Qəbələ şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyır və Zirvə görüşünün "Regional Sülh və Təhlükəsizlik" mövzusu çərçivəsində işini planlaşdırması da bu gün dünyada və xüsusilə də bizim yaşadığımız regionda baş verənlər fonunda sülh və təhlükəsizliyin nə qədər önəmli olmasından irəli gəlir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Azərbaycan bu istiqamətdə bütün siyasi və iqtisadi platformalarda keçirilən beynəlxalq tədbirlərə istər ev sahibliyi, istərsə də digər qisimlər çərçivəsində dəstək verməkdə hər zaman ön sıralarda yer alıb:

"Bu gün də ölkə başçısının siyasətində bu tendensiya davam etməkdədir. Sülh və Təhlükəsizlik mövzusu Azərbaycan siyasətinin əsas istiqamətlərindən biridir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin qatıldığı bütün beynəlxalq platformalarda ona olan marağın məhz sülh və təhlükəsizlik baxımından yürütdüyü siyasətə olan inam və güvəndən irəli gəldiyini görürük. Keçirilən zirvə görüşlərində türk dünyası ilə bağlı siyasət və iqtisadiyyat xüsusi diqqət mərkəzində olub və TDT-na üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafını sürətləndirmək, təşkilatın əsas prinsiplərindən biri olaraq diqqət mərkəzində saxlanılır. Bu səbəbdən, Azərbaycanın regionda lider statusunu möhkəmləndirmək, bütün sahələrdə əməkdaşlıq əlaqələrini irəli aparmaq və layihələrin gerçəkləşdirilməsi üçün zəmin yaratmaq baxımından, Zirvə toplantısının ölkəmizdə keçirilməsi bölgələrin tanınması və inkişafı yönündən əhəmiyyətli dərəcədə faydalıdır".
Ekspert deyib ki, toplantı çərçivəsində nümayəndə heyətlərinin və iş adamlarının ölkəmizə səfəri, səfər çərçivəsində işgüzar görüşlərə mükəmməl meydan açır:
"Bu da yeni investisiya və əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli fürsət yaradır. Heç şübhəsiz ki, təşkilata üzv ölkələrin ortaq layihələri mövcuddur və bu istiqamətdə meydana çıxa biləcək maneələr hər zaman ola bilər. Bunlar məhz toplantı çərçivəsində ələ alınacaq. Düşünürəm ki, belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır, Avropa, Asiya və Avrasiya arasında qovşaq rolunda çıxış edən Azərbaycan üçün regional liderlik qabiliyyətinə də öz müsbət təsirini göstərəcək. Zirvə toplantısının Qəbələdə keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və regionda rolu baxımdan əhəmiyyətli hesab olunması ilə bərabər, həm simvolik, həm də praktik olaraq regionların inkişafıda müsbət rol oynayacaq".
Anar Əliyev