
"Rusiyalı iş adamı və Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyanın son açıqlaması əslində müharibə anonsudur. 7 iyun seçkilərində hazırkı baş nazir Nikol Paşinyana əsas rəqib hesab edilən Samvel Karapetyan bununla Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı olduğunu açıq şəkildə ifadə etdi".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Karapetyan erməni revanşistlərin səsini qazanmaq üçün Azərbaycana qarşı ərazi iddiasını ortaya qoyub:
"Samvel Karapetyan açıqlamasında iddia edib ki, Azərbaycan Dağlıq Qarabağı işğal edib və oranın "daimi sakinlər"i olan erməniləri Qarabağdan qovub. Karapetyan bir qədər də irəli gedərək ədalətin bərpa olunmasını istəyib. Bu fikirlər açıq şəkildə Karapetyanın müharibə tərəfdarı olduğunu və hakimiyyyəti gələcəyi təqdirdə sülh müqaviləsinin gündəmdən çıxarılacağını deməyə əsas verir".
Arzuman Muradlı onu da xatırladıb ki, Karapetyanın sərsəmlərinin əksi olaraq Azərbaycan tərəfi ermənilərin Qarabağda yaşamaları üçün hər bir şərait yaradıb, onların təhlükəsizliyini ən yüksək səviyyədə təmin edib:
"Lakin sadə ermənilər o vaxt karapetyankimilərinin təxribatlarına uyaraq könüllü şəkildə Qarabağı tərk ediblər. Ermənilərin Qarabağdan Ermənistana qayıtması prosesində də onlara sərhəd keçid məntəqələrində ən yüksək səviyyədə xidmət göstərilib. Hətta bunu ermənilər özləri də xarici media resurslarına açıqlamalarında etiraf ediblər. O ki qaldı işğal məsələsinə, Qarabağın kim tərəfindən işğal edildiyi bütün dünyaya məlum olan faktdır. Ermənistan və onun himayə etdiyi separatçı silahlı dəstələr 30 il ərzində Qarabağı işğalda saxlayıb, bölgəni tamamilə talan ediblər. Azərbaycan Silahlı Qüvvələri isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu işğala son qoyub, Qarabağa yeni həyat gətirib. İndi bu reallığı, eyni zamanda tarixi faktı bütün dünya qəbul edir. Ona görə də karapetyankimilərinin nə söyləməsindən asılı olmayaraq mövcud reallığı heç nə dəyişə bilməz. Erməni siyasilərindən kimsə onu dəyişməyə cəhd etsə belə, bu Ermənistan dövlətinin bundan sonrakı mövcudluğunu sual altında qoyacaq".
Süleyman










































