
Fransa və Ermənistan may ayında strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşır. Emmanuel Macronun may ayında Ermənistana səfəri çərçivəsində bu sənədin imzalanması gözlənilir.
Son dövrlərdə Avropa İttifaqı və üzv dövlətlərin Cənubi Qafqaza diqqəti artmaqdadır. Fransa uzun müddətdir Ermənistana həm siyasi, həm də hərbi dəstək verir. İkinci Qarabağ müharibəsi dövründə və sonrakı illərdə Parisin regionda eskalasiyaya təsir göstərmək cəhdləri müşahidə olunub. Bu siyasətin əsas məqsədlərindən biri regionda təsir imkanlarını genişləndirmək və Türkiyənin rolunu neytrallaşdırmaq olub.
Artıq Fransa regionda formalaşmış yeni siyasi vəziyyətlə hesablaşmağa məcbur qalıb. Bununla yanaşı, Parisin Zəngəzur dəhlizi ilə bağlı maraqları da diqqət çəkir. Qərbdə belə bir yanaşma var ki, mümkün Amerika Birləşmiş Ştatları–İran qarşıdurması fonunda Vaşinqtonun regiondakı fəallığı azala bilər. Bu halda Fransa Cənubi Qafqazda daha aktiv rol almağa çalışa bilər.
Digər tərəfdən, Azərbaycanın da paralel diplomatik addımları müşahidə olunur. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Böyük Britaniyaya səfəri və mümkün strateji tərəfdaşlıq sazişi müzakirə olunur. Yaxın perspektivdə Azərbaycan və Böyük Britaniya arasında sazişin imzalanması gözlənilir.
Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əlaqələrin dərinləşdirilməsi Bakının mövqelərini daha da gücləndirə bilər.
Ümumilikdə, Cənubi Qafqazda Fransa və Böyük Britaniyanın artan fəallığı Rusiyanın regiondakı təsir imkanlarına ciddi təsir göstərə bilər.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi










































