Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin son Qətnaməsi ikili standartları ortaya qoydu

Avropa Parlamentinin son Qətnaməsi ikili standartları ortaya qoydu


"Azərbaycan-Ermənistan münasibətlərini də özündə əks etdirən Avropa Parlamentinin son Qətnaməsi beynəlxalq münasibətlərdə mövcud olan ikili standartları bir daha ortaya qoydu. Bu qəbildən olan qətnamə, bəyanat və sair sənədlər Azərbaycan cəmiyyətini beynəlxalq münasibətlər sisteminin nə qədər subyektiv mülahizələr üzərində qurulduğunu anlamaqda kömək edir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, 30 il müddətində Rusiyanın yardımı ilə qonşusu tərəfindən işğala məruz qalan, bir milyonadək məcburi köçkün və qaçqına ən azından minimal yaşayış şəraiti yaratmağa çalışan, dörd min nəfərdən artıq itkin düşən hərbiçi və mülki insanlar haqqında bu gün də xəbər ala bilməyən, ölkəsinin beşdə bir ərazisində yerləşən nəinki mədəni-tarixi abidələrinin, həmçinin yüzlərlə şəhər və kəndlərinin yer üzündən silinməsinə şahidlik edən azərbaycan xalqı Avropa Parlamentinin və digər təşkilat və dövlətlərin bu qəbildən olan münasibətini heç zaman qəbul edə bilməz:

"Çünki, 30 il işğala məruz qaldığı dövr ərzində azərbaycan xalqı Avropa təsisatlarından Ermənistana qarşı obyektiv münasibəti görməyib".

Elçin Ağamalı qeyd edib ki, Avropa Parlamentinin və digər Avropa təsisatlarının Azərbaycana qarşı sonuncu qeyri-obyektiv münasibəti ilk deyil və ardıcıl xarakter daşıyır:

"O zaman bu münasibətin arxasında nə dayanır və səbəbi nədir? İlk növbədə onu qeyd etmək istərdim ki, mütləq demokratiya yoxdur və hər bir dövlətin və təşkilatın demokratik dəyərlər anlayışı həmin dövlət və təşkilatların maraqlarının kəsişdiyi yerə qədərdir. Avropa təsisatları, xüsusən Avropa Parlamenti özünü demokratiya dəyərlərinin qoruyucusu və daşıyıcısı kimi təqdim etsə də reallıqda bu belə deyil. Biz bunun ən azı 30 il acısını çəkmişik. Mövcud olduğu müddət ərzində münaqişənin həll olunması üçün heç bir real addımlar atmayan Minsk Qrupu işğalın konservasiya olunmasına xidmət etmişdir. Avropa təsisatları alternativ fikrə açıq deyildir və ümumi fikri dəstəkləməyən mövqe aqressiv qarşılanır. Macarıstanın, Gürcüstanın timsalında bunu açıq şəkildə görmək mümkündür. Bunun əksinə olaraq, Avropa Birliyinin üzvü olmayan ölkələrin birliyin beynəlxalq siyasi xəttini dəstəkləyən mövqeyi (bir sıra hallarda bu ölkələrin iqtisadi maraqlarının zərərinə olsa belə) alqışlanır, qarşılığında isə onları məmnun etmək üçün hər cür bəyanat və vədlər verilir (Ermənistan və Moldovanın timsalında). Beləliklə, Avropa Parlamentinin Azərbaycana qarşı qeyri-obyektiv münasibətinin arxasında ilk növbədə dövlətimizin tam suveren xarici siyasət yürütməsi dayanır. Avropa qitəsinin bir parçası olan Azərbaycanın heç bir dövlət və təşkilatın maraqlarına xidmət etməyən xarici siyasət yürütməsi kollektiv (kontinental) qərbin xoşuna gəlmir. Onlar Azərbaycanı müti, zəif və sözəbaxan bir ölkə kimi görmək istəyirlər. Məhz ilkin olaraq bu səbəbdən hər fürsətdə ölkəmizə qarşı ədalətsiz bəyanat və qətnamələr qəbul edilir".

Elçin Ağamalı qeyd edib ki, son Qətnamədə Azərbaycana qarşı əksini tapan iddialar Ermənistanın maraqlarının ifadə olunması kimi görsənsə də, əslində tamamilə Rusiyanın maraqlarını ifadə edən, Avropa təsisatları ilə məsafəli münasibət qurulmasının tərəfdarı olan revanşist qüvvələrin seçkiqabağı platformasını özündə ehtiva edir:

"Həmçinin, Avropa Parlamenti bu Qətnamə ilə Avrointeqrasiya tərəfdarı olan Paşinyan hökumətinin mövqeyinin zəifləməsinə xidmət etmiş olur. Başqa sözlə, avropalı parlamentarilər Rusiyadan uzaqlaşaraq, Avropa ilə yaxınlaşmaq istəyən Ermənistanın mövcud hökumətinin maraqlarını qorumaq əvəzinə, onun opanentlərinə əlavə güc verəcək qədər naşı siyasətçilərdilər. Ümid edirəm ki, Paşinyan hökuməti də zamanla Gürcüstan kimi Qafqazda marağı olan bütün böyük ölkə və təşkilatlarla bərabərhüquqlu münasibətlər qurmaq baxımından Azərbaycanın formalaşdırdığı siyasi yolu qəbullanıb, həyata keçirəcəkdir. Məhz o zaman bütün cənubi Qafqaz bölgəsi öz real suverenliyinə qovuşacaqdır. Azərbaycanın öndərliyi ilə bu istiqamətdə sistemli siyasət aparılır və öz nəticlərini artıq göstərməkdədir".

Süleyman
Xəbəri paylaş