
Zamanında həm tarixilik, həm də günümüzün reallıqları, yeni şərait, regional və qlobal proseslərə adekvat şəkildə imzalanmış Şuşa Bəyannaməsindən 5 il ötür. 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı münasibətləri yeni mərhələyə yüksəltməklə yanaşı, həm də Türk dünyası üçün yeni imkanlar pəncərəsi açır, bu coğrafiyada inteqrasiyanın, əməkdaşlığın möhkəmlənməsinə təkan verirdi.
Şuşa Bəyannaməsi Bakı ilə Ankara arasında müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutmaqla yanaşı, eyni zamanda digər türk dövlətləri arasında inteqrasiyanın inkişafını təşviq edir. Elə bu baxımdandır ki, Şuşa Bəyannaməsinin ən mühüm nəticələrindən biri kimi də məhz Türk dünyasında siyasi həmrəyliyin möhkəmlənməsi göstərilir. Sevindirici haldır ki, Türk dünyasında siyasi həmrəyliyin möhkəmlənməsində vətəndaş cəmiyyəti də fəal mövqe sərgiləyir. Bu istiqamətdə Şimali Kipr və İraq türkmənləri ilə qurulan işi xüsusi qeyd etmək lazımdır. Bir müddət əvvəl Bakıda Azərbaycan-Şimali Kipr QHT-lərinin forumunun keçirilməsi, Türk dünyasında gedən inteqrasiya proseslərindən ruhlanan Türkmən qardaşlarımızın dəvəti ilə ATXƏM sədri olaraq mənim və "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının Kərkükə səfərimiz, orada keçirilən çoxsaylı görüşlər, həmçinin keçən il İraq türkmənlərindən ibarət geniş nümayəndə heyətinin Azərbaycana səfəri, səfər çərçivəsində Qarabağda olmaları, bütün bunlar onu deməyə əsas verir ki, ümumilikdə türk coğrafiyasında inteqrasiya sürətlənir, münasibətlər yeni mərhələyə qədəm qoyur. Bəyannamədən keçən müddət ərzində Şuşanın Türk dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi, Türk Dövlətləri Təşkilatının liderlərinin Şuşa, Xankəndi, Qəbələdə bir araya gəlməsi əslində Şuşa Bəyannaməsinin effektivliyini. onun gücünü göstərirdi. Hər zaman dediyimiz kimi bütün bu proseslərin lokomtivi rolunu da məhz Azərbaycan və Türkiyə oynayır və bu prosesdə Azərbaycan və Türkiyənin lokomotiv rolu oynaması Şimali Kipr və İraq türkmənlərində inteqrasiya prosesinin daha da dərinləşəcəyinə dair böyük ümidlər yaradır. Məlumat üçün qeyd edim ki, yaxın günlərdə İraq türkmənlərindən ibarət geniş tərkibli nümayəndə heyəti növbəti dəfə Azərbaycana səfər edəcək. Səfər zamanı onların Naxçıvanda da olacağı nəzərdə tutulur.
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində dövlətlərin birgə fəaliyyət göstərməsi onların maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Şuşa Bəyannaməsi türk dövlətlərinin regional və qlobal məsələlərdə daha koordinasiyalı mövqe nümayiş etdirməsinə stimul verir.
Sənəddə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa diqqət yetirdikdə belə qənaətət gəlmək mümkündür ki, sənəd həm də Türk dünyasında ortaq təhlükəsizlik sisteminin formalaşmasına mühüm töhfə verə bilər. Bu isə ilk növbədə regionda sülhün və sabitliyin qorunmasına xidmət edir.
Şuşa Bəyannaməsinin iqtisadi dividentləri də kifayət qədərdir. Bu dividentlər təkcə Azərbaycan və Türkiyə üçün deyil. Bu həm də Türk dünyası üçündür. Heç sübhəsiz ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin güclənməsi digər türk dövlətləri üçün də yeni imkanlar yaradır. Birgə iqtisadi layihələr, sərmayə qoyuluşları və istehsal sahəsində əməkdaşlıq türk dövlətlərinin iqtisadi potensialını artırır.
Bu sırada xüsusilə nəqliyyat və logistika imkanları nəzərə alınmalıdır. Çünki Türk dünyasının inteqrasiyasında nəqliyyat və logistika layihələri mühüm rol oynayır. Xüsusilə Zəngəzur dəhlizi layihəsi Türk dünyasının coğrafi baxımdan daha sıx birləşməsinə xidmət edir.
Bu dəhliz Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə ilə birbaşa quru əlaqəsinin genişlənməsinə imkan yaradır. Eyni zamanda Mərkəzi Asiya türk dövlətləri ilə Avropa arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verir.
İlham İsmayılov,
ATXƏM sədri











































