
"Müstəqilliyimizin ilk illərinin mənzərəsini göz önündə canlandıranda Heydər Əliyev dühasının hüdudsuzluğu, Onun Bakıya qayıdışının və ölkəyə rəhbərliyə başlamasının nə qədər böyük məna kəsb etdiyi barədə konkret təsəvvür yaranır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev sovetlər dövründə həm Azərbaycana rəhbərlik edərkən, həm də Moskvada keçmiş İttifaq rəhbərliyində çalışarkən respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərmişdi:
"Ulu Öndər həmin dövrlərdə Azərbaycana qarşı çirkin planların qarşısını dəfələrlə almışdı. Amma onun Moskvada vəzifədən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Belə ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdı. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər".
Millət vəkilinin sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində bütövlükdə Azərbaycanda çox ağır vəziyyət hökm sürürdü:
"Əvvəlcə Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Lakin həmin rejimlərin siyasəti respublikanı uçuruma aparırdı. Xüsusilə, 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artırdı. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Vəziyyət o dərəcədə ağır idi ki, hətta həssas qruplardan olan insanların müavinətlərini, pensiyaları ödəməyə belə vəsait tapılmırdı. Ermənistan isə ölkədəki anarxiya vəziyyətindən sui-istifadə edərək havadarlarının dəstəyi ilə işğalı genişləndirirdi. Bu cütlüyün səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu".
Samir Vəliyev qeyd edib ki, AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu:
"Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. “1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş Komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi”,-deyən Samir Vəliyev əlavə edib ki, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi".
Deputat söyləyib ki, belə kritik dönəmdə görkəmli siyasətçi Heydər Əliyev xalq üçün yeganə ümid mənbəyi idi:
“Paytaxtda və regionlarda xalq mitinqlərə toplaşaraq böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdi. Ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərinin mövqeyi eyni idi: “Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa, Azərbaycan xilas ola bilməyəcək”. Sadə vətəndaşlar “Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır” - deyə gözlənilən faciənin miqyasını dilə gətirirdilər. Hətta AXC-“Müsavat” iqtidarının təmsilçiləri də Heydər Əliyevin yeganə ümid yeri olduğunu etiraf etməyə başladılar və Ondan bir neçə dəfə Bakıya gəlib ölkəyə rəhbərliyi həyata keçirməyi xahiş etdilər. Ulu Öndər Heydər Əliyev də xalqın tələbi ilə Bakıya qayıdaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu missiyanı şərəflə yerinə yetirdi”.
Süleyman











































