
Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı sözsüz ki, üzv ölkələrin hər biri üçün xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüş çərçivəsində dövlət və hökumət başçıları ilə görüşü isə Azərbaycan üçün xüsusilə önəmlidir. Öncə onu qeyd edək ki, Azərbaycanın ŞƏT ilə əlaqələri 2016-cı ildə dialoq tərəfdaşı statusunun əldə olunması ilə rəsmiləşib və institusional xarakter alıb. Sonrakı dönəmdə isə bu platformada baş verən siyasi-struktural dəyişikliklər nəticəsində Azərbaycan “ŞƏT tərəfdaşı” statusunu qazanıb.
Bəs, Azərbaycan nəyə görə ŞƏT bloku və ya platforması ilə əməkdaşlığa xüsusi önəm verir? Əvvəla, bunun əsas səbəblərindən biri Azərbaycanın çoxvektorlu xarici siyasət yürütməsi ilə bağlıdır. Eyni zamanda, digər regional və qlobal əməkdaşlıq formatlarından, birliklərindən fərqli olaraq ŞƏT bu gün ən müxtəlif ölkələri birləşdirən, lakin onları ümumi, ortaq maraqlar əsasında bir araya gətirən yeganə dialoq platforması kimi diqqət çəkir. Digər qlobal ittifaqlarda isə (məsələn, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s.) fərqli mövqelərin bu şəkildə açıq dialoq masası ətrafında bir araya gəlməsi və qarşılıqlı faydalı əməkdaşlığa açıq olması real deyil. Hər kəsə məlumdur ki, Avropa İttifaqı üzv dövlətlərə münasibətdə olduqca sərt bürokratik qaydalar və məhdudiyyətlər tətbiq edir, onların suverenliyini məhdudlaşdırır. ŞƏT platformasında isə belə bir şey əsla mümkün deyil. ŞƏT-in əsas üstünlüklərindən biri onun blok xarakterli sərt ideoloji çərçivəyə söykənməməsidir. Bu platformada ölkələr bərabərhüquqlu tərəfdaş kimi çıxış edir və dövlətlərin daxili siyasi sisteminə, suveren seçimlərinə müdaxilə edən mexanizmlər yoxdur. Bu xüsusiyyət Azərbaycan üçün xüsusilə önəmlidir, çünki ölkə öz milli maraqlarını qoruyaraq əməkdaşlıq etdiyi bütün platformalarda qarşılıqlı hörmət və suveren bərabərlik prinsipini əsas götürür. Məhz bu baxımdan ŞƏT, müəyyən inteqrasiya birləşmələrindən fərqli olaraq, daha çevik və siyasi təzyiqdən uzaq dialoq mühiti yaradır.
Lakin buna baxmayaraq bu gün Azərbaycan Azərbaycan bir tərəfdən Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən isə ŞƏT bloku ilə əməkdaşlığını gücləndirir. Rəsmi Bakının çoxvektorlu xarici siyasət kursu eyni vaxtda bir-birilə tam fərqli qütblərdə mövqelənən bu iki platforma ilə səmərəli əməkdaşlıq münasibətləri qurmağa imkan verir. Bu xüsusda “niyə məhz ŞƏT?” sualına cavab verərkən təkcə ümumi siyasi yanaşmaya deyil, həm də Azərbaycanın konkret strateji maraqlarına söykənmək daha güclü nəticələr əldə etməyə zəmin yaradır. Az öncə də qeyd etdiyimiz kimi bu gün Azərbaycanın Aİ ilə paralel olaraq Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verməsinin əsas səbəblərindən biri onun çoxvektorlu və balanslı xarici siyasət kursu ilə bağlıdır. Bakı uzun illərdir ki, beynəlxalq münasibətlərdə yalnız bir mərkəzə bağlı qalmayan, fərqli geosiyasi qütblərlə eyni vaxtda dialoq qura bilən çevik diplomatik xətt yürüdür. Məhz bu kontekstdə ŞƏT Azərbaycanın maraqlarına uyğun platforma kimi çıxış edir. Çünki təşkilat həm regional, həm də qlobal gücləri bir araya gətirir və üzv, müşahidəçi, dialoq tərəfdaşı və tərəfdaş ölkələr üçün geniş əməkdaşlıq imkanları yaradır. Azərbaycan üçün bu, yalnız siyasi dialoq deyil, həm də iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində yeni körpülərin qurulması deməkdir.
Azərbaycanın bu platformaya marağını artıran başqa bir mühüm amil ölkəmizin olduqca əlverişli geostrateji mövqeyi ilə bağlıdır. Belə ki, bizim ölkəmiz Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii tranzit mərkəzlərindən biridir və bu mövqe ŞƏT üzvləri üçün də xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz, Şimal-Cənub nəqliyyat xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu Azərbaycanın yalnız regional deyil, qlobal logistik sistemdə rolunu gücləndirir. Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətləri ilə, o cümlədən Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında formalaşan sıx əməkdaşlıq əlaqələrinin Cənubi Qafqazı və Mərkəzi Asiyanı "bir yol, bir kəmər" halına gətirməsi isə ŞƏT çərçivəsində əməkdaşlıq imkanlarını daha da artırır. ŞƏT çərçivəsində əməkdaşlıq bu üstünlüklərin daha geniş coğrafiyada tanıdılmasına və praktik layihələrə çevrilməsinə imkan yaradır. Yəni Azərbaycan üçün ŞƏT sadəcə diplomatik platforma deyil, həm də nəqliyyat və ticarət qovşağı kimi mövqeyini möhkəmləndirən strateji alətdir.
Eyni zamanda, ŞƏT-in iqtisadi çəkisi də nəzərə alınmalıdır. Təşkilat çərçivəsində dünyanın ən böyük bazarlarından bəziləri təmsil olunur və bu, Azərbaycan üçün ixrac, investisiya, sənaye əməkdaşlığı, texnologiya və enerji sahələrində əlavə imkanlar yaradır. Xüsusilə qeyri-neft sektorunun şaxələndirilməsi, kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və sənaye parklarına xarici sərmayənin cəlb olunması baxımından belə platformalar mühüm rol oynayır. Bu səbəbdən ŞƏT-lə əməkdaşlıq təkcə siyasi jest deyil, həm də iqtisadi gəlirlilik maraqları daşıyan praktiki seçimdir.
Bundan başqa, Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir. ŞƏT-in fəlsəfəsi də məhz qarşıdurmadan daha çox qarşılıqlı anlaşma, təhlükəsizlik, sabitlik və əməkdaşlıq üzərində qurulub. Belə bir mühitdə Azərbaycan özünü yalnız müşahidəçi kimi deyil, həm də yeni təşəbbüslər irəli sürə bilən etibarlı tərəfdaş kimi təqdim edə bilər. Bu isə ölkənin beynəlxalq nüfuzuna əlavə dəyər qatır və Azərbaycanın Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif blok və alyanslarla əməkdaşlığın əhəmiyyətini də artırır. Bu baxımdan Prezident İlham Əliyevin ŞƏT-in Bişkekdə keçirilən Zirvə toplantısında fəal iştirakı və liderlərlə ikitərəfli görüşləri ölkəmizin bu mühüm platformada nüfuzunun daha da artdığını göstərir. Bu gün ŞƏT kimi qlobal bir platformanın Azərbaycanı öz tərəfdaşı kimi görməsi İlham Əliyevin siyasi-diplomatik səylərinin nəticəsidir. Prezidentin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycan artıq orta güc dövlətinə çevrilib. Bu isə ŞƏT, Avropa İttifaqı kimi qlobal alyanslarla, eləcə də Çin və ABŞ kimi supergüclərlə əməkdaşlıq imkanlarımızı daha da artırır və beynəlxalq gündəliyə təsir göstərə bilmək üçün zəmin yaradır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































