Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni təmayül tədris modeli ilə bağlı maarifləndirici görüş keçirilib

Yeni təmayül tədris modeli ilə bağlı maarifləndirici görüş keçirilib



Bakı şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində tətbiq ediləcək yeni təmayül tədris modeli ilə bağlı maarifləndirici görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli, 21 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elgün Əliyev, məktəb direktorları, Yasamal rayonu ümumi təhsil məktəblərinin IX və X sinif şagirdlərinin valideynləri iştirak ediblər.

Görüş zamanı yeni təmayül tədris modelinin tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət etdiyi bildirilib.

Modelin əsas məqsədinin şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Görüş zamanı sözügedən məktəbdə tətbiq olunacaq yeni təmayül tədris modeli, tədris ediləcək fənlər, yeni təmayül tədris modelinin əsas üstünlükləri (akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti, abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili, səriştəli müəllim kollektivi, aylıq sınaq imtahanlarının təşkili, akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər), şagird qəbulu, və müəllim seçimi prosesi barədə ətraflı məlumat verilib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, yeni təmayül tədris modeli növbəti dərs ilindən etibarən Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş