Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün düşünmək, dərk etmək, dəyərləndirmək günüdür

Bu gün düşünmək, dərk etmək, dəyərləndirmək günüdür


Bu gün bir çox müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da Aşura günü qeyd olunur.

Müşahidələrimiz onu göstərir ki, Aşura günü məhz Azərbaycanda - bu günün mahiyyətinə, fəlsəfəsinə, İmam Hüseynin uğrunda şəhid olduğu ali dəyərlərə uyğun şəkildə keçirilir. Belə ki, bu gün ölkəmizin hər yerində məscidlərdə, tibb məntəqələrində qanvermə aksiyaları təşkil olunur, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin məzarları ziyarət olunur, dualar oxunur, şərbət paylanılır və ehtiyacı olanlara əl tutulur.

Bütün bunlar Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərinin və zəngin humanist dəyərlərinin bariz nümunəsidir. Aşura mərasimləri, törənləri məhz bu cür ülvi dəyərlər üzərində təşəkkül tapmalıdır.

Aşura - İmam Hüseynin qəhrəmanlığını və şəhadətini anma günüdür. Bu gün düşünmək, dərk etmək, dəyərləndirmək günüdür, müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, baş yarmaq, qan çıxarmaq, qurşağadək soyunaraq zəncirlə sinə vurmaq, ələm uçurtmaq, şəbih göstərmək, "vaveyla" demək, görüntü yaratmaq günü deyil. Yəqin ki, İmam Hüseynin özü də bütün bunların baş verməsini istəməzdi.

Aşura - qanın qılınc üzərində qələbə çaldığı günüdür. Ona görə də İmam Hüseynin şəhadətini anmağın ən gözəl yollarından biri ilk növbədə səhiyyə ocaqlarında və məscidlərdə keçirilən qanvermə aksiyasına qoşulmaq, qanla bağlı müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi üçün vasitəçi olmaqdır.

Azərbaycanın bu təcrübəsi (Aşura günü qanvermə aksiyalarının keçirilməsi) digər müsəlman ölkələri üçün də yaxşı örnək, gözəl nümunə ola bilər. Borçalı, Dərbənd, İqdırdakı soydaşlarımıza da Aşura gününün mahiyyətini İran ideoloji təbliğat ənənələri ilə yox, Azərbaycan təcrübəsi ilə dəyərləndirməyi tövsiyə edərdik.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş