
"Almaniya Bundestaqının deputatı Frank Şvabe Avropa Şurası Parlament Assambleyasında təsir imkanları əldə etmək üçün Azərbaycanın korrupsiyadan istifadə etdiyini iddia edib. Şvabenin ölkəmizi hədəf alan açıqlamaları Avropa strukturlarında uzun illərdir davam edən siyasi oyun və çəkişmələrin nəticəsidir".
Newscenter.az xəbər verir ki, bunları Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, məsələnin diqqət çəkən tərəfi ondan ibarətdir ki, Azərbaycanla bağlı korrupsiya iddiaları hüquqi yox, siyasi mübarizə alətinə çevrilib:
"Bu isə AŞPA-nın, o cümlədən Avropa strukturlarının səmimi olmadığını göstərir. Açıq görünür ki, AŞPA korrupsiya, demokratik dəyərlərin pozulması iddiaları ilə bəzi ölkələri hədəfə alır. Bu yolla onları özünün siyasi əsirinə çevirməyə çalışır.
Hər kəsə məlumdur ki, ölkəmizə qarşı formalaşdırılan mənfi siyasi fonun arxasında müəyyən maraq qrupları dayanır. AŞPA və digər Avropa institutlarında Azərbaycanın mövqeyinə qarşı uzun illərdir sistemli fəaliyyət göstərən siyasi dairələr mövcuddur. Həmin dairələrin Qarabağ münaqişəsi, regional geosiyasət və enerji təhlükəsizliyi məsələlərində Azərbaycana qarşı qərəzli yanaşdığı görünür. Məsələn, Azərbaycan ərazi bütövlüyünü bərpa etsə də AŞPA yenə də Qarabağ, ermənilərin uydurma hüquqları kimi məsələləri gündəmə gətirir".
Partiya sədri qeyd edib ki, bu baxımdan Frank Şvabenin çıxışları Avropa institutlarında Azərbaycan ətrafında davam edən siyasi qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər:
"Frank Şvabenin açıqlamalarıhəmçinin Avropa siyasətində lobbiçilik və geosiyasi maraqların necə pərdələndiyini bir daha göstərmiş oldu. Bu proseslər Avropa institutlarının etibarını azaldır, üzv dövlətlərə qarşı ikili münasibətini üzə çıxarır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Avropa institutlarının nüfuzu bütün üzv dövlətlərə bərabər və qərəzsiz münasibətdən asılıdır".
Süleyman












































