
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
Görüşdə Parlament İttifaqının təşkilata üzv ölkələrin qanunvericilik orqanları arasında münasibətlərin daha da dərinləşdirilməsi və bir sıra mühüm məsələlərin müzakirəsi baxımından əlverişli platforma olduğu bildirilib. Eyni zamanda, konfransın Milli Məclisin evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.
Tərəflər həmçinin parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Spiker Sahibə Qafarova qonaqla bundan öncəki görüşünü məmnunluqla xatırlayaraq, həm parlament sədrləri, həm də deputatlar arasında mövcud olan təmasların, qarşılıqlı səfər və görüşlərin əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub, həmçinin Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qruplarının üçtərəfli formatda görüşlərinin keçirilməsi də təqdirəlayiq addım kimi qiymətləndirilib.
Söhbət zamanı Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib. Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri dəstəyə görə ölkəmizə təşəkkür edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
XXX
İyunun 25-də Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Dövləti Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanimlə görüşüb.
Görüşdə Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib və münasibətlərin daha da genişlənməsində qarşılıqlı səfərlərin və görüşlərin rolu vurğulanıb.
Söhbət zamanı Azərbaycan və Qətərin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da vurğulanıb. Bildirilib ki, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyət göstərirlər
Görüşdə parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq bildirilib. Vurğulanıb ki, Qətər parlamenti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirak edir.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşıb. O, Azərbaycanın region ətrafında baş verən hadisələr fonunda Cənubi Qafqazda əmin-amanlığın qorunması üçün sülh gündəliyini dəstəklədiyini qeyd edib.
Qətər Dövlətinin Şura Məclisinin sədri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının əhəmiyyətini qeyd edib. O bildirib ki, bu mühüm tədbir regional və beynəlxalq məsələlərin müzakirəsi, təşkilata üzv ölkələr arasında ikitərəfli əlaqələrin daha da inkişafı baxımından əlverişli platformadır. Şura Məclisinin sədri təşkilata sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, inamını ifadə edib ki, ölkəmizin sədrliyi dövründə İƏTPİ-nin fəaliyyəti daha da genişlənəcək.
Qonaq bildirib ki, iki ölkənin hökumətləri arasında iqtisadi, ticarət və texniki sahədə birgə komissiya uğurla fəaliyyət göstərir.
O, həmçinin Milli Məclisin nümayəndə heyətlərinin regional və beynəlxalq təşkilatlarda fəal iştirakını vurğulayıb və Azərbaycanla parlamentlərarası münasibətləri genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Söhbət zamanı qonaq Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiklərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

XXX
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə olan Burkina Faso Federal Milli Şurasının sədr müavini Tarik Humayt Əl Tahir, Çad Senatının sədr müavini Mbank Hacivoli, Kot-d'İvuar Senatının sədr müavini Sakkoni Torri Sarra, Qvineya-Bisau Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini San Hafote Karamba və Mali Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini Muhammedou Məhəmməd Osmani ilə görüşüb.
Görüşdə Milli Məclisin təşkilatçılığı və ev sahibliyi ilə İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğu, burada mühüm məsələlərin müzakirə edildiyi qeyd olunub. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət və həmin müraciətdə yer alan mühüm mesajlar yüksək qiymətləndirilib. Bildirilib ki, bu, Azərbaycanın İslam dəyərlərinə, eləcə də müsəlman ölkələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə geniş məlumat verib. Eyni zamanda, ölkəmizdə İslam dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələri barədə qonaqlara məlumat verilib.
Görüşdə ölkələr və xalqlar arasında əlaqələrin dərinləşdirilməsində parlamentlərin mühüm rolu vurğulanıb. Həmçinin qanunverici orqanlar arasında münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə, qonaqların təmsil etdikləri parlamentlərlə Azərbaycan Milli Məclisi arasında beynəlxalq parlament təşkilatlarında, o cümlədən Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İƏT Parlament İttifaqı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qonaqlar İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunması münasibətilə Milli Məclisin sədrini təbrik edib, eyni zamanda Azərbaycanda və paytaxt Bakı şəhərində olduqları müddətdə şahidi olduqları inkişaf və qonaqpərvərliklə bağlı müsbət təəssüratlarını bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Süleyman












































