
İsti yay günlərinin birində işimlə bağlı rayonun mərkəzi poçt idarəsinə gedəsi oldum. Binanın qarşısındakı pilləkənlərdə bir qadın iki uşağı ilə sanki kimdənsə xəbər gözləyirmiş kimi narahat vəziyyətdə oturmuşdu. Uşaqlardan böyüyü anasının yanında sakit dayansa da, o birisi balaca olduğundan bir yerdə dayanmır, sağa-sola, qaçaraq anasını arxasınca çağırmağa məcbur edirdi. Qadının görnüşündən kasıb adama oxşamasa da, pula son dərəcə ehtiyacı olduğu hiss olunurdu.
Onu da deyim ki, poçta getməyimin mənası bir ünvana pul göndərmək idi. Məqsədimi əməlyyatçı xanıma bildirdim. O da bunun üçün qarşı tərəfə zəng edib məlumat verməyimi lazım bildi.
Mən əməliyyatçı xanımın dediyini etmək üçün telefon əlimdə bayıra çıxdım. Bu zaman həyətdə duran qadın yerindən qalxıb iri addımlarla şöbəyə daxil oldu və əməliyyatçı xanıma yaxınlaşıb; - Nə oldu, nə xəbər var?
-Hələ ki, bir xəbər yoxdur, olan kimi sənə deyərəm.
Qadın uşağının əlindən tutaraq təəssüf hissi ilə əməliyyat şöbəsindən ayrılıb aşağıda oynayan digər oğluna tərəf getdi.
Belə başa düşdüm ki, iki uşağı olan bu qadın aliment pulu gözləyirmiş. Hələlik istəyinə nail ola bilməmişdi.
Mən yenidən içəri girib əməliyyatçı xanıma tapşırığına əməl etdiyimi bildirdim və öz təşəkkürümü bildirib ordan uzqlaşdım. Birdən telefonuma mesaj gəldi. Göndərdiyim pul ünvana çatmışdır. Bu zaman gözüm həyətdə dayanan bayaqkı qadına sataşdı. O telefonu çıxarıb hara isə zəng etmək istəyirdi. Lakin balansında kifayət qədər vəsait olmadığından əsəbləri daha da tarıma çəkilmiş qadın öz-özünə; - Şoğəribə dünən kontur vurmuşdum, axı, - deyərək mızıldandı.
Daha heç nəyə baxmadan ordan öz iş yerimə doğru getdim. Adətim üzrə işlərimi yekunlaşdırıb axşam saat 5- 6 radələrində evə getməyə hazırlaşırdım. Yolum poçt şöbəsinin qarşısından keçirdi. Birdən həmin qadını nəyi isə gözləyirmiş kimi uşaqları ilə birlikdə həmin yerdə gördüm. Əməliyyatçı qadın isə artıq poçtu bağlayıb çoxdan getmişdi.
Mehman Fərmanov
Newscenter.az üçün












































