Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"TƏBİB-də "Kadr İslahatı" maskası

"TƏBİB-də "Kadr İslahatı" maskası


Səhiyyə sistemi hər bir dövlətin təməl sütunlarından biri, vətəndaşın isə ən yaralı yeridir. Bu sahədə aparılan hər bir təyinat, hər bir kadr dəyişikliyi birbaşa insanların taleyinə və dövlətin nüfuzuna təsir edir.

TƏBİB-ə yeni rəhbər təyin olunan Anar Bayramlının son günlər "kadr islahatları" adı altında atdığı addımlar isə islahatdan daha çox, şəxsi maraqların təmininə və köhnə sistemin bərpasına bənzəyir.

​Bu gün ortaya çıxan mənzərə ciddi suallar və dərin narahatlıqlar doğurur: Anar Bayramlı rəhbərliyə gəldikdən sonra səhiyyəni sağlamlaşdırmaq əvəzinə, niyə öz ətrafını, öz adamlarını sistemə doldurmaqla məşğuldur?

​TƏBİB-in yeni rəhbərliyinin fəaliyyət taktikası artıq ifşa olunmaqdadır. İllərini bu sahəyə vermiş, işinin peşəkarı olan, təmiz adla tanınan baş həkimlər və xəstəxana direktorları müxtəlif bəhanələrlə sistemdən uzaqlaşdırılır.

Onların yerinə isə səhiyyəni irəli aparacaq kadrlar deyil, yeni direktorun "şəxsi komandası" və sadiq bəndələri yerləşdirilir.

​Ən acınacaqlısı isə budur ki, sistemdə adı rüşvət və korrupsiya qalmaqallarında hallanan, fəaliyyəti dövründə rəhbərlik etdiyi müəssisələri bərbad günə qoyan şəxslərə toxunulmur, əksinə, onlar öz postlarında saxlanılır.

Bunun ən bariz nümunəsi kimi Mehriban Qaralova kimi statusunu və yerini qoruyan fiqurları göstərmək olar. Korrupsiyalaşmış kadrların toxunulmazlıq statusu qazandığı, peşəkarların isə sistemdən qovulduğu bir mühitdə hansı islahatdan, hansı tibbi keyfiyyətdən danışmaq olar?

​Ortaya çox sadə və konkret bir sual çıxır: Anar Bayramlı bu oyunlarla kimi aldatmaq istəyir?

​Ona yüksək etimad göstərərək bu vəzifəyə təyin edən Cənab Prezidentimi?
​Yoxsa hər gün dövlət xəstəxanalarının qapısında tibbi xidmət axtaran, canı yanan vətəndaşları?

​Dövlət başçısı tərəfindən idarəetmədə şəffaflıq, korrupsiya ilə mübarizə və vətəndaş məmnunluğu ən ali tələb kimi qoyulduğu halda, TƏBİB rəhbərinin tamamilə əks istiqamətdə hərəkət etməsi dövlətin kadr siyasətinə və göstərilən etimada qarşı açıq-aşkar sui-istifadədir.

Prezidentin etimadından sui-istifadə edərək səhiyyədə şəxsi "xanlıq" yaratmaq cəhdi, sadəcə idarəçilik qüsuru deyil, eyni zamanda dövlət maraqlarına zərbədir.

​Anar Bayramlı görünür unudur ki, TƏBİB onun və ətrafının şəxsi biznes şəbəkəsi və ya maraq obyekti deyil. Bura milyonlarla vətəndaşın sağlamlığına cavabdeh olan, büdcədən maliyyələşən rəsmi bir dövlət qurumudur.

​Onsuz da vətəndaşların ən çox gileyləndiyi, problemlərin içində boğulan səhiyyə sistemini tamamilə bərbad vəziyyətə qoymaq kimin maraqlarına xidmət edir?
Bu gedişlə yaxın gələcəkdə xəstəxanalarda müalicə edəcək həkim, idarə edəcək peşəkar tapılmayacaq. Çünki sistem rəhbərliyin "öz adamları" ilə doldurulur, meyarlar isə savad və dürüstlük deyil, şəxsi sadiqlikdir.

İslahat adı altında həyata keçirilən bu kadr oyunları, köhnə rüşvətxor şəbəkənin qorunub saxlanması və peşəkarların sıxışdırılması TƏBİB-in gələcəyini və vətəndaşın dövlət tibb müəssisələrinə olan son ümidini də məhv edir.

Cənab Prezidentin etimadını şəxsi ambisiyalarına qurban verənlər, bu millətin yaralı yeri olan səhiyyə ilə oynayanlar yaddan çıxarmamalıdırlar ki, dövlətin nəzarəti də, xalqın tənqidi baxışı da hər zaman onların üzərindədir.

Səhiyyəni şəxsi poliqonunuza çevirməyə imkan verilməyəcək.(referans.az)
Xəbəri paylaş