
"Təəssüflər olsun ki, Avropada bir çox siyasilər əksər məsələlərə sırf insan haqlarının müdafiəsi, hüquq və azadlıqların qorunması kimi dəyərlərdən deyil, sırf maddi maraqlardan yanaşırlar. Bu isə öz-özlüyündə təkcə həmin şəxslər yox, eyni zamanda onların mənsub olduğu siyasi partiya və beynəlxalq təsisatlar barədə haqlı olaraq mənfi rəy formalaşdırır. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Frank Şvabenin bu günlərdə sözügedən qurumda təqdim etdiyi qətnamə fonunda bunu aydın görmək mümkündür".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Adıçəkilən şəxsin bir qayda olaraq islamofob, antitürk mövqeyindən çıxış etdiyini diqqətə çatdıran millət vəkili bu cür şəxsləri bir qayda olaraq erməni lobbisinin maliyyəsi danışdırdığını söyləyib:
"Frank Şvabe fəaliyyəti ilə Azərbaycana qarşı olan bir siyasi kimi tanınıb. Hələ İkinci Qarabağ müharibəsi zamanında Şvabe müntəzəm olaraq xarici mediada Azərbaycana qarşı fikirlər, iddialar səsləndirməklə ad çıxarmışdı. Həmin ərəfədə Şvabenin özfəaliyyəti nəticə vermədiyindən, erməni lobbisi onu yenidən ortaya atıb. Şvabekimiləri üçün demokratik dəyərlər, insan hüquq və azadlıqları qazanc mənbəyi sayılır. Onlar üçün heç bir insani dəyər yoxdur".
İlham Məmmədovun sözlərinə görə, Frank Şvabe doğurdan da insan hüquq və azadlıqlarının müdafiəçisi olsaydı, Azərbaycan ərazilərinin işğala məruz qaldığı, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi 30 il ərzində bir dəfə də olsa səsini çıxarar, hansısa qətnamənin qəbulu deyil, ən azı xarici KİV-lərdə açıqlama verər, bu faktı pisləyərdi:
"Bunun baş vermədiyi halda insan hüquq və azadlıqları mövzusunun Frank Şvabenin indi yadına düşməsi və Azərbaycanı hədəfə alması tam əminliklə onu deməyə əsas verir ki, bu bir sifarişdir. Şvabenin həmin sifarişi həyata keçirməsi isə siyasi riyakarlıqdan başqa bir şey deyil".
Süleyman












































