
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq dinamik inkişaf edən və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq nümunələrindən biridir. Son illərdə tərəflər arasında siyasi dialoq daha da intensivləşmiş, iqtisadi əlaqələr genişlənmiş və əməkdaşlığın əhatə dairəsi əhəmiyyətli dərəcədə artmışdır. Bu münasibətlər təkcə enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda nəqliyyat, ticarət, rəqəmsal transformasiya, yaşıl enerji, ətraf mühitin mühafizəsi və regional təhlükəsizlik kimi strateji istiqamətləri də əhatə edir.
Azərbaycan ilə Avropa Komissiyası arasında yüksələn əməkdaşlığın növbəti mühüm təzahürü 2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı öz əksini tapmışdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüş keçirmiş, daha sonra mətbuata bəyanatlarla çıxış edərək iki tərəf arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikirlərini bölüşmüşlər.
Vurğulamaq istərdim ki, Prezident Cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsində üzv dövlətlərin payı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan da Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas iqtisadi tərəfdaşı kimi çıxış edərək regional ticarətin böyük hissəsini təmin edir.
Dövlət başçısı enerji sahəsində qurulmuş strateji tərəfdaşlığın qarşılıqlı münasibətlərin əsas istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Bu əməkdaşlığın inkişafında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun mühüm rol oynadığı vurğulanmış, sənədin icrası nəticəsində Azərbaycanın Avropa bazarına təbii qaz ixracının əhəmiyyətli dərəcədə artdığı diqqətə çatdırılmışdır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir və ölkəmizin təbii qazı Avropa İttifaqının bir sıra üzv dövlətlərinin enerji təminatında mühüm yer tutur. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün əlverişli imkanların mövcud olduğunu da qeyd etmişdir.
Sonda bildirmək istərdim ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir. Xüsusilə enerji sahəsində əldə olunan nəticələr ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunu daha da möhkəmləndirmişdir. Şübhəsiz ki, bu əməkdaşlığın gələcəkdə də yeni istiqamətlər üzrə genişlənməsi həm Azərbaycanın, həm də Avropa İttifaqının ümumi maraqlarına xidmət edəcəkdir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































