
"Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq dinamik inkişaf edən və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq nümunələrindən biridir. Son illərdə tərəflər arasında siyasi dialoq daha da intensivləşmiş, iqtisadi əlaqələr genişlənmiş və əməkdaşlığın əhatə dairəsi əhəmiyyətli dərəcədə artmışdır. Bu münasibətlər təkcə enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda nəqliyyat, ticarət, rəqəmsal transformasiya, yaşıl enerji, ətraf mühitin mühafizəsi və regional təhlükəsizlik kimi strateji istiqamətləri də əhatə edir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki, Azərbaycan ilə Avropa Komissiyası arasında yüksələn əməkdaşlığın növbəti mühüm təzahürü 2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı öz əksini tapmışdır:
"Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüş keçirmiş, daha sonra mətbuata bəyanatlarla çıxış edərək iki tərəf arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikirlərini bölüşmüşlər.
Vurğulamaq istərdim ki, Prezident Cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsində üzv dövlətlərin payı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan da Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas iqtisadi tərəfdaşı kimi çıxış edərək regional ticarətin böyük hissəsini təmin edir".
Anar












































