
Şamaxı şəhərində Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Respublikası Hesablama Məhkəməsi tərəfindən həyata keçirilmiş paralel auditlərin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun və Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Qonaqları salamlayan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Metin Yeneri Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri vəzifəsinə növbəti müddətə seçilməsi münasibətilə təbrik edib, iki ali audit orqanı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, indiyədək həyata keçirilən birgə fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyini və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərin dəstəklənəcəyini vurğulayıb.
Təqdimat zamanı Azərbaycan Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Məhkəməsi tərəfindən Preferensial Ticarət Sazişi və ali təhsil müəssisələri üzrə aparılmış paralel auditlərin nəticələri təqdim olunub. Auditlə ticarət və ali təhsil sahələri üzrə müəyyən edilmiş nəticələr, eləcə də irəli sürülən tövsiyələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, paralel auditlər Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Respublikası Hesablama Məhkəməsi arasında 2022-ci ildə yenilənmiş Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.
Səfər çərçivəsində Vüqar Gülməmmədov və Metin Yener arasında keçirilən ikitərəfli görüşdə ali audit orqanları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək birgə fəaliyyət istiqamətləri, xüsusilə dövlət auditinin rəqəmsallaşdırılması üzrə tədbirlər müzakirə olunub.
Süleyman












































