Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Afrika qitəsinin mühüm subyektləri ilə münasibətlərini şaxələndirmək strategiyasının uğurlu davamı

Azərbaycanın Afrika qitəsinin mühüm subyektləri ilə münasibətlərini şaxələndirmək strategiyasının uğurlu davamı


Azərbaycan və Zimbabve qanunverici orqanlarının rəhbərləri səviyyəsində Bakıda reallaşan rəsmi görüş müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının sadəcə bəyanat xarakterli təmaslardan ibarət olmadığını, dövlətlərarası münasibətlərin hüquqi-siyasi arxitekturasını formalaşdıran mühüm alətə çevrildiyini bir daha nümayiş etdirir. Spikerlər Sahibə Qafarova və Yakob Mudenda arasında keçirilən bu görüşü siyasi-hüquqi meyarlar baxımından təhlil etdikdə, tərəflərin həm ikitərəfli, həm də regional və qlobal miqyasda milli maraqların uzlaşdırılmasına xidmət edən strateji bir xətt izlədiyini görmək mümkündür.

​İlk növbədə vurğulamaq lazımdır ki, ali qonağın nümayiş etdirdiyi diplomatik etiket – Milli Məclisin plenar iclas zalı, Heydər Əliyev Muzeyi, eləcə və Fəxri xiyaban ilə Zəfər parkını ziyarət etməsi – Zimbabvenin Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və tarixi irsinə olan ali rəsmi ehtiramının hüquqi-siyasi təsdiqidir. Bu cür simvolik və rəsmi addımlar xalqlararası yaxınlaşmaya zəmin yaratmaqla yanaşı, dövlətlərarası etimad mühitinin dərinləşməsində mühüm baza rolunu oynayır.

​Şərh edilməsi vacib olan ən fundamental aspektlərdən biri ölkələrin qlobal platformalarda, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində sərgilədiyi birgə fəaliyyətdir. Görünən odur ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika qitəsi ölkələri ilə qurduğu institusional və tərəfdaşlıq əlaqələri bu gün öz praktiki bəhrəsini verməkdədir. Tərəflər multilateralizm doktrinası və beynəlxalq hüququn aliliyinə sadiqlik prinsiplərini açıq müdafiə etməklə əslində böyük güclərin hegemonluq meyllərinə qarşı inkişaf etməkdə olan dövlətlərin qlobal arenada konsensusla ortaq maraqları müdafiə edə biləcəyini göstərir. Bu mənada müzakirələrdə həm COP29 Bakı Parlament Görüşü, həm P20 Sammiti, həm də Parlamentlərarası İttifaqın Assambleyası çərçivəsində keçirilən ardıcıl görüşlərin əhəmiyyəti xatırladılması təsadüfi etiket sayıla bilməz. Bu, eyni zamanda hər iki dövlətin parlament səviyyəsində qlobal iqlim böhranından tutmuş dayanıqlı inkişafa qədər geniş spektrli məsələlərdə koordinasiyalı şəkildə hərəkət etdiyini sübut edir.

​Məsələnin digər tərəfi isə dövlət başçıları tərəfindən əsası qoyulmuş siyasi və iqtisadi layihələrin qanunvericilik müstəvisində dəstəklənməsi mexanizmidir. Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və profil komitələrinin fəaliyyətinin intensivləşdirilməsi gələcəkdə iki ölkə arasında ticarət-iqtisadi dövriyyənin artırılması, investisiyaların təşviqi və hüquqi bazanın unifikasiyası üçün birbaşa hüquqi zəmin yaradır. Əminliklə deyə bilərik ki, Azərbaycanın Afrika qitəsinin mühüm subyektləri ilə münasibətlərini şaxələndirmək strategiyasının uğurlu davamı kimi Parlament diplomatiyasının bu cür aktiv fazaya keçməsi beynəlxalq hüququn norma və prinsipləri daxilində həm qlobal sülhün və sabitliyin möhkəmləndirilməsinə, həm də hər iki ölkənin milli təhlükəsizlik və iqtisadi rifah maraqlarının qorunmasına uzunmüddətli perspektivdə mühüm töhfələr verəcəkdir.

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputatı
Xəbəri paylaş