Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kədərə vermişəm sevinc payımı” – yeni şeir kitabı işıq üzü görüb

“Kədərə vermişəm sevinc payımı” – yeni şeir kitabı işıq üzü görüb


Zaqatalada yaşayan şair Nüsrət Musanın yeni şeirlər kitabı nəşr olunub. “Füyuzat” nəşriyyatında gün üzü görən kitab müəllifin oxucularla ikinci görüşüdür.

Kitabda Vətənə bağlılıq, doğma yurd sevgisi, insanın mənəvi dünyası, təbiətin gözəllikləri, qürbət duyğuları, ailə dəyərləri, zamanın axarı və ömür fəlsəfəsi poetik dillə ifadə olunur. Müəllif həyatın sevinc və kədərini, insanın iç dünyasını, yaddaşını və yaşanmış ömür təcrübəsini səmimi misralarla oxucuyula bölüşür.

Nəşrin redaktoru araşdırmaçı-yazar, publisist Vaqif Osmanlı, texniki məsləhətçisi isə Bəhruz Əliyevdir.

Kitaba yazılmış önsözdə Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı Nüsrət Musanın yaradıcılığını yaşanmış ömrün poetik salnaməsi kimi səciyyələndirərək, müəllifin şeirə həyatın içindən baxdığını vurğulayır; onun şeirlərində xəlqi duyğular, səmimiyyət, mənəvi tarazlıq, yaddaş, doğmalıq və yaşamaq eşqinin aparıcı xətt təşkil etdiyini deyir.

“Kədərə vermişəm sevinc payımı” yeni şeirlər toplusu olaraq, bir ömrün düşüncələrinin, həyat müşahidələrinin və mənəvi axtarışlarının poetik ifadəsidir. Sadə və axıcı dili, xalq şeiri gələnəyinə söykənən poetik üslubu ilə diqqəti cəlb edir.

*
Əkbər Qoşalının kitaba yazdığı önsözü oxucularla bölüşürük:

Əziz oxucu, əlinizdə tutduğunuz kitab – “Kədərə vermişəm sevinc payımı” – bir ömrün sınaqlardan keçmiş səsi, yaddaşın özünəxas təlatümüdür. Biz onu yığvalın yazıya çevrilməsi kimi də xarakterizə edə bilərik. Bu kitabda – necə deyərlər – söz xatirinə sözdən danışmırıq; burada söz, yaşanmaq üçündür...

Nüsrət Musa şeirə bir “mövqe” kimi baxmır, tribunluq eləmir (hərçənd belə davranmaq da mümkün və məqbul sayıla bilər); o, şeirə bir “ömür tərzi” kimi yanaşır. Onun poetik nəfəsi ilk səhifələrdən başlayaraq, oxucunu iki əsas xətt boyunca aparır:
könül rahatlığı ilə kədər arasındakı əbədi gərginlik və zamanın insan taleyi üzərində qoyduğu qaçılmaz möhür misalı…

“Könül rahatlığı” şeirində müəllif sərvətin, cah-cəlalın da ötərgi olduğunu vurğulayaraq, “zünü daşlara sürtüb, gedəndi” deyir…

Ünlü “Sağlam ruh - sağlam bədən” klassik yanaşmasını poetik ifadəyə cəlb edən yazar, yenə “könül rahatlığı, könül dincliyi”nə çağırış edir.

Yəni, şair maddi dünyanın ötəriliyini mənəvi bütövlüklə qarşılaşdırır. Bu, təsadüfi deyildir; çünki kitab boyu müəllif üçün əsas dəyər – insanın iç tarazlığıdır. Yəni Nüsrət Musa klassik Azərbaycan poeziyasının əxlaqi-etik xəttini çağdaş yaşam təcrübəsi ilə birləşdirməyə çalışır.

Onun şeirində nəsihət var, amma didaktika yoxdur; hikmət var, amma süni pafos (yaxud yuxarıda vurğuladığımız tribunluq) yoxdur. –

Bu, müəllifin poetik təmkinindən və yaşanmışlığa söykənən səmimiyyətindən doğur.
Biz onun şeirlərində daha çox, pıçıltının, sükutun hallarını, şəklini, şəkillənməsini görürük…

“Bu ömrü təzədən başlamaq olmur” şeirində isə zaman amansız, amma ədalətli bir hakim kimi təqdim olunur. Burada geri dönüşsüzlük bir həqiqət kimi qarşımıza çıxır. Şair ömrün dəyişdirilməzliyini qəbul edir, lakin bununla barışaraq öz yaşam eşqini də itirmir. Və nəinki itirmir, üstəlik, həmin ağrını poetik enerjiyə çevirir.

“Dağlar, sənə əl eylədim” şeirində başqa bir mənzərə – həm coğrafi, həm də mənəvi dayaq misalı dağ obrazını görürük:

“Qayalara bir ad yazdım,
Dağlar, sənə əl yellədim.”

Türk estetik yaddaşında dağ ucalıq, dayaq və əbədiyyət rəmzidir.

Bəli, dağ – yaddaşdır, kimlikdir; Qobustan qayaüstü rəsmlərini çizən, Orxon-Yenisey abidələri ucaldan dədə-babaların kötücələri olaraq, biz dağa, qayaya, daşa döyülən və zamanla döyüşən kök olaraq baxa bilərik.

Türk estetik yaddaşında dağ – ucalıq, dayaq və əbədiyyət rəmzidir.

Qürbət motivi isə nisgilin dərin qatını yaradır. “Gül saralıb, solan yerdə” şeirində vətən həsrəti təbiət obrazları ilə iç-içə verilir. Şair vətəni xatırlayarkən landşaftı, relyefi yada salmır, yada salınan vətənin ruhi gücü, yaddaş suxurlarıdır...

Kitabın ən təsirli qatlarından biri ailə itkilərinin, doğmalardan əbədi ayrılığın poetik ifadəsidir. “Görüş yeri yuxu idi” şeirində ata ilə yuxuda görüş səhnəsi dərin emosional çalar daşıyır:

“Görüş yeri olub yuxularımız,
Həsrətlə çarpışan quru canam mən.”

Bax, bu, yalnız fərdi ağrı sayılmamağı haqq edən yaddaşdır – bir nəsil yaddaşı…

“Ağarmış saçından öpürəm sənin”. şeirində bacıya ithaf, “Tez tərk etdin bizi, ana”da ana itkisi – müəllifin poetikasında ailənin, doğmaların və doğmalıqların mərkəzi yer tutduğunu göstərir. Bu şeirlərdə səmimi, sakit bir yanğı var.

Nüsrət Musanın “Gördüm ki, yaş əllibeşdi” və “Yaş altmış oldu” şeirləri ömrün mərhələləri ilə üzləşmənin poetik hesabatı kimi gəldi mənə.

Şana-şöhrətə uymamaq, minnət götürməmək və üstəlik, sözdən naxış vurmaq, bir iz qoymaq kimi etiraflar şairin, bir növ, həyat manifestidir. O, iz qoymağı şöhrətdən üstün tutur. Onun üçün əsas olan – sözün naxışa çevrilməsidir. Rəhmətlik Xudu Məmmədovun çağırdığı, dillər əzbərinə çevrilmiş bayatısı yada düşür:

Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

Kədər qatlarına baxmayaraq, kitab ümidsizlik kitabı deyil; əksinə, son bölümlərdə “Yaşamaq eşqinə salam” şeiri ilə müəllif həyatın özünü salamlayır. – O, burada, sevginin ölümdən güclü olduğunu duyaraq, “Yaşamaq eşqinə salam!” deyir. Bax, bu, kitabın ideya zirvəsidir.

Nüsrət Musa kədəri inkar etmir – onu qəbullanır, ona (belə demək olarsa) pay verir, amma sevinc payını da tam itirmir. Kitabın adı – “Kədərə vermişəm sevinc payımı” – əslində bir metaforik etirafdır; sğhbət sevincin azalmasından yox, kədərin dərinləşməsindən gedir…

Ayrıca, yenə mədəni-mənəvi irsimizə üz tutsaq, çox xoş bir irsi mənzərə ilə üzləşərik – əcdadımız belə buyurmuşdur: sevinci bölüş – çoxalsın; kədəri bölüş – azalsın.

Bu kitabda poetik texnika sadədir, lakin səmimidir; obrazlar həyatdan gəlir; sözün ritmi xalq şeirinin axarını xatırladır. Müəllif mürəkkəb formal eksperimentlərə getmir – o, yaşamın özünü yazır. – Bu isə çoxunun can atdığı bir yazılımdır.

Beləliklə, Nüsrət Musanın kitabında bir ömrün hesabatı, bir nəslin yaddaşı və bir insanın mənəvi portreti vardır.

Burada yazılan hər misra yaşanmışlığı, səmimiyyəti göstərir. – Oxucu kitabı vərəqlədikcə bax, bu gerçəyi görəcəkdir.

Və bəlkə də kitabın ən böyük gücü elə bundadır – sözün həyatdan gəlməsində, yaşamaq eşqinə salam deyən şairin səsində!..
Xeyirli-uğurlu olsun!

Əkbər Qoşalı
Xəbəri paylaş