
"Bu gün saat 13:00-da növbəmə gəldiyim zaman Mingəçevir Şəhər Təhsil Sektorunun üç nümayəndəsi məni bağça müdirinin otağına çağıraraq sorğu-sual etdilər və izahat yazmağımı tələb etdilər. Bildirdim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq izahatımı yazacağam, lakin izahat verməyə əsas olacaq hər hansı hüquq pozuntusu görmürəm.
İzahatı yazarkən Pərviz müəllim mətnə müdaxilə etmək istədi. Dərhal bildirdim ki, izahatı özüm sərbəst şəkildə yazmaq hüququna malikəm və heç kimin müdaxiləsini qəbul etmirəm. Yazını tamamladıqdan sonra surətini çıxarıb təqdim edəcəyimi də bildirdim".
Newscenter.az xəbər verir ki, bunları Mingəçevirdəki məktəbəqədər hazırlıq müəssisəsinin müəlliməsi Sevinc Məmmədova Mərkəzi Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru tərəfindən üzləşdiyi qanunsuzluqlarla bağlı danışarkən deyib. Şikayət müəlifinin sözlərinə görə, o, sözügedən əməkdaşa vaxtı qanunsuz təzyiq göstərməyə deyil, bağçada mövcud olan real problemlərin araşdırılmasına sərf etməyi məsləhət bilib:
"Bağça müdirəsinin fəaliyyəti yoxlanılsın: əməkhaqqı və ştat məsələləri, əmək intizamı, işçilərin iş vaxtı bitməmiş müəssisəni tərk etməsi, valideynlərin çoxsaylı narazılıqları, uşaq sayının normadan artıq göstərilməsi kimi ciddi məsələlər araşdırılsın.
Mən 2022-ci ildən bu bağçada çalışıram və baş verənləri yaxından müşahidə etmişəm. 06.07.2026-cı il tarixində günortadan sonra bağçada cəmi 2-3 nəfərin olduğu müəyyən edilərək akt tərtib edildiyi halda, bu gün bütün diqqətin mənə yönəldilməsi qərəzli münasibət təəssüratı yaradır".
Sevinc Məmmədova deyib ki, onu müxtəlif yollarla ləkələməyə yönəlmiş cəhdlər nəticə verməyəcək:
"Şifahi göstərişlər, əsassız sorğu-suallar və təzyiqlər qanundan üstün deyil. Bundan sonra bütün hüquqlarımı yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə müdafiə edəcəyəm. Lazım gələrsə, bütün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ediləcək və hər bir məsələ hüquqi müstəvidə araşdırılacaq. Qanun hamı üçün eynidir və heç kim qanundan üstün deyil".
Süleyman












































