
"Rusiyanın Ukraynadakı Azərbaycana məxsus obyektlərə zərbələr endirməsi ilk hadisə deyil. Bundan əvvəl də SOCAR-ın yanacaq anbarı vurulmuş, Kiyevdəki səfirliyimizə raket düşmüş və səfirlik ciddi şəkildə dağıntılara məruz qalmışdı. Həmin vaxt Azərbaycan bunu qeyri-dost addım kimi xarakterizə edərək, kəsin etirazını bildirmişdi. Təəssüflər olsun ki, Moskva yenə də həmin əməllərini davam etdirməkdədir. Halbuki Beynəlxalq Humanitar hüquqda mülki obyektlərin hədəf alınması və onların məhv edilməsi qadağandır və müharibə cinayəti sayılır".
Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Rusiya bilərəkdən Ukraynadakı Azərbayacana məxsus obyektəri vurmaqla, böyük dağıntılar törətməklə əslində əsl simasını ortaya qoymuş olur:
"Üzdə ikitərəfli əməkdaşlıqdan, mehriban qonşuluqdan və strateji müttəfiqlikdən danışan Kreml hər fürsətdə Azərbayacanı və onun maraqlarını açıq şəkildə hədəf alır. Moskvanın bu cür yanaşmaları isə nəticədə bütün qonşularını, müttəfiqlərini ondan uzaqlaşdırır".
Əli Orucov qeyd edib ki, Rusiya onsuz da dünya ictimaiyyəti tərəfindən təcrid edilib və özünə qarşı qəzəb qazanıb:
"Hədə ilə, hansısa qeyri-məqbul üsullarla Azərbaycanı qorxutmaq, yaxud da çəkindirici mesajlar vermək mənasızdır. Azərbaycan öz maraqlarını dünyanın hər bir yerində o, cümlədən Ukraynada qorumaq iqtidarındadır və buna qarşı çıxanlara isə lazımı cavabını veriə bilir. Ona görə də Kremlin Ukraynadakı Azərbaycana aid məkanlara hücumlar təşkil etməsi daha çox özünə zərər yetirir və onu Azərbaycannın simasında güclü və nüfuzlu bir müttəfiqindən uzaqlaşdırır".
Süleyman












































