Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdə azərbaycanlı alim Seymur Nəsirov təhsil sahəsindəki fəaliyyətlərinə görə təltif edilib

Misirdə azərbaycanlı alim Seymur Nəsirov təhsil sahəsindəki fəaliyyətlərinə görə təltif edilib



Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif olunub.

Newscenter.az xəbər verir ki, S.Nəsirova elm və təhsil sahəsində 25 ildən artıq davam edən fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi və plaketi təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən Birliyin sədri Məhəmməd Kausər Camal S.Nəsirovun tələbələrin təhsilinə və inkişafına mühüm töhfələr verdiyini, həyata keçirdiyi elmi, mədəni və sosial layihələrlə minlərlə gəncə dəstək göstərdiyini bildirib.
Azərbaycan diasporunun sədri göstərilən etimada görə təşəkkür edərək vurğulayıb ki, bu təltif onun üçün daha böyük məsuliyyət deməkdir və təhsilə xidmət edən hər kəsə verilən dəyərin ifadəsidir.

Qeyd edək ki, Seymur Nəsirov rəhbərlik etdiyi müəssisələr vasitəsilə uzun illərdir müxtəlif ölkələrdən olan tələbələrin elmi, mədəni və mənəvi inkişafına yönəlmiş ödənişsiz təhsil proqramlarının həyata keçirilməsinə rəhbərlik edir.

Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həyata keçirdiyi təhsil proqramlarından 61 ölkədən 670-dən çox tələbə faydalanır. Onların təxminən yarısını misirlilər təşkil edir. Burada Qurani-Kərimin qiraət elmi, ərəb dili və ədəbiyyatı, xəttatlıq, bədii tərtibat, Azərbaycan və ingilis dilləri, xalçaçılıq sənəti, musiqi məqamları, eləcə də uşaqlar üçün oxu və yazı proqramları üzrə müxtəlif ödənişsiz kurslar təşkil olunur.

Xatırladaq ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il 28 dekabr tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı və 2024-cü ildə azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. 2020-ci ildə isə ölkəmizin diaspor siyasətinə verdiyi böyük töhfələrə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycanlı tədqiqatçı-alim elmi və mədəni sahədə xidmətlərinə görə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni və 2026-cı ildə Şəriflər İttifaqının sədri Əs-Seyyid Mahmud Əl-Şərif, elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Seymur Nəsirovun təltif olunması ilə bağlı xəbər ərəb ölkələrinin mediasında geniş işıqlandırılıb.

Süleyman
Xəbəri paylaş