
"Ukraynanan Nikolayevsk vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin Rusiya tərəfindən vurulması bu ölkənin Azərbaycana qarşı sistemli təxribatının tərkib hissəsidir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ münaqişəsini birdəfəlik və geri dönüşü mümkün olmayan şəkildə həll etməsi ilə Rusiyanın ölkəmizə təsir mexanizmi tamamilə ortadan qalxmış, bölgəmizə nüfuz imkanları isə minimuma enmişdir:
"Müharibənin nəticələrinin Azərbaycan və bölgə üçün yaratdığı yeni reallıqlar Rusiyanı ölkəmizlə birbaşa qarşıdurmadan çəkindirir. Buna baxmayaraq imperialist niyyətlərini hər fürsətdə büruzə verən Rusiya mövcud durumla barışa bilmir və ölkəmizə qarşı sistemli şəkildə təxribatlar həyata keçirir. Azərbaycan diaspor nümayəndələrinə qarşı vəhşicəsinə həyata keçirilən polis hücumları, təyyarəmizin vurulması, Azərbaycan kənd təsərrüfatı məhsullarına zaman-zaman tətbiq edilən məhdudiyyətlər, Ukraynada bundan öncə də hücuma məruz qalan SOCAR obyekti xain bir planın tərkib hissəsidir. Əks təqdirdə bir yanacaqdoldurma məntəqəsinin strateji və iqtisadi çəkisi Rusiya-Ukrayna müharibəsində nə qədər ola bilər ki? Eyni zamanda nəzərə alsaq ki, Ukraynada pərakəndə yanacaq satışını həyata keçirən başqa şirkətlər də mövcuddur və bu qədər şirkətin içərisində SOCAR-a məxsus obyektin hədəf alınması heç cür təsadüf sayıla bilməz".
Elçin Ağamalı hesab edir ki, Rusiyanın SOCAR yanacaqdoldurma məntəqəsinin timsalında ölkəmizə qarşı aqressiyasının arxasında sadəcə Ukraynanın haqq davasında onlara verdiyimiz dəstək dayanmır:
"Bu hücum ölkəmizin Türk Dövlətləri Təşkilatında oynadığı əhəmiyyətli mövqeyə, Cənubi Qafqaz bölgəsində həyata keçirdiyi və böyük geosiyasi əhəmiyyət kəsb edən layihələrə göstərilən cılız və uğursuz qarşı qoyma kimi dəyərləndirilməlidir.
Azərbaycan Qafqaz regionunun gələcək təhlükəsizlik dizaynını müəyyən edən əsas dövlətdir və bu proses qarşısıalınmaz xarakter daşıyır. Rusiyanın bu faktı qəbul etməkdən başqa alternativi yoxdur. Faktın qəbullanması isə Rusiya üçün hələ ki, acılı xarakter daşıyır".
Süleyman












































