Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin birmənalı və ədalətli mövqeyi isə beynəlxalq hüquqa əsaslanır

Azərbaycan Prezidentinin birmənalı və ədalətli mövqeyi isə beynəlxalq hüquqa əsaslanır



"Kreml əsl həqiqəti dilə gətirənlərə anlayışla yanaşmaq və onlara təşəkkür etmək mədəniyyətinə malik deyil. Məhz buna görə də Kremldəki dar düşüncəli strateqlər Putinin sözçüsü Dmitri Peskovu ortaya atıb, onu Azərbaycana qarşı danışdırırlar. Niyə? Çünki Azərbaycan Prezidenti İlham Əliyev ötən gün 4-cü Şuşa Qlobal Media Forumunun açılışında ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən Ukraynanın ərazi bütövlüyünə dəstək bildirən mövqe nümayiş etdirib və Ukraynaya işğalla barışmamağı tövsiyə edib: “Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”. lham Əliyev özünün də vaxtilə işğaldan əziyyət çəkən bir dövlətin rəhbəri olduğunu misal çəkərək, bu müharibənin tezliklə dayandırılmalı olduğunu söyləyib".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Şuşadan verilən bu mesaj bir daha Azərbaycanın bu mövzuda mövqeyinin dəyişməz olduğunu göstərir:

"Bu da təbiidir, çünki biz də bir vaxtlar işğala məruz qalmış ölkə olmuşuq və Ermənistan silahlı qüvvələri məhz Rusiyanın dəstəyilə torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayıb. Ona görə də ərazi bütövlüyü və suverenlik bizim qırmızı xəttimizdir. Qırmızı xətt isə heç vaxt dəyişmir.

Dmitri Peskov deyir ki, "hesab edirik ki, bu mövqe yanlışdır. Və bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik". Bu da bir daha onu göstərir ki, Peskov və onu danışdıranlar reallıq hissini itiriblər. Rusiya özü BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri oldugu halda, beynəlxalq hüquqa qətiyyən hörmət etmir, müstəqil dövlətlərin ərazi bütövlüyü və suverenliyi toxunulmazlığı prinsipini kobud şəkildə pozmağa davam edir. Lakin Rusiyanın bu cür ədalətsiz mövqeyi uzun müddət davam edə bilməz".

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin birmənalı və ədalətli mövqeyi isə beynəlxalq hüquqa əsaslanır: bəli, heç bir ölkənin suverenliyinə qəsd etmək olmaz:

"Heç bir ölkə dərəbəylik etməməli və sərhədlər zorla dəyişdirilməməlidir. Rusiyanın hakim siyasi elitası isə militarist, zorakı siyasətdən əl çəkməli, imperiya təfəkkürü ilə vidalaşmalıdır. Kremldəki strateqlər qonşu ölkələrə qarşı aqressiv, davakar siyasət yürütmək əvəzinə, Rusiyanı sivil və adekvat bir ölkəyə çevirmək barədə düşünməlidirlər. Azərbaycan Prezidentinin Rusiyaya çağırışı təqdirə layiqdir. İlham Əliyev bu çağırışı, bu tövsiyəsi ilə Putin Rusiyasını səhv yoldan çəkindirməyə çalışır. Ruslar isə düzgün qərarlar qəbul etməkdə və doğru addım atmaqda çox təəssüf ki, həmişə gecikirlər.

Bu arada Dmitri Qordon isə Teleqram kanalında dövlətimizin başçısı ilə fotosunu paylaşıb və bunları yazıb: "Azərbaycan Prezidenti İlham Əliyevlə möhtəşəm söhbət apardıq. Azərbaycan xalqı üçün səmimi qəlbdən sevinirəm, çünki çox şanslıdır ki, belə bir lideri var!”.

Süleyman
Xəbəri paylaş