Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərbaycan artıq orta gücə çevrilir" bəyanatının arxasında hansı gerçəklər dayanır?

"Azərbaycan artıq orta gücə çevrilir" bəyanatının arxasında hansı gerçəklər dayanır?


Prezident İlham Əliyevin ötən gün IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirdiyi və geniş rezonans doğuran fikirlərindən biri də Azərbaycanın orta gücə çevrilməsi ilə bağlı oldu. Dövlət başçısı bildirdi ki, Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür. O, bunu diplomatik terminologiya baxımından ölkənin potensialının etiraf edilməsi kimi dəyərləndirdi: "Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”.
Qeyd edək ki, "orta güc" anlayışı son illərdə beynəlxalq münasibətlər sferasında, ekspert camiəsində və media mühitində sıx-sıx istifadə olunmaqdadır. Beynəlxalq münasibətlər nəzəriyyəsində "orta güc" (middle power) anlayışı sadəcə dövlətin ərazisi və ya əhalisinin sayı ilə deyil, onun qlobal və regional proseslərə təsir etmək bacarığı, diplomatik aktivliyi və strateji müstəqilliyi ilə ölçülür. İlham Əliyevin sözügedən açıqlaması onu göstərir ki, Azərbaycan artıq kiçik dövlətlər kateqoriyasını geridə qoyaraq beynəlxalq münasibətlər sistemində yeni mərhələyə daxil olub. Ölkəmiz artıq orta güc (yəni regional oyunçudan daha üstün bir güc) kimi qəbul olunur. Prezidentin IV Şuşa Qlobal Media Forumundakı bəyanatı Azərbaycanın bu statusa daxil olmasını həm bir etiraf, həm də strateji hədəf kimi ortaya qoyur.
Gürcü əsilli ukraynalı ekspert Gela Vasadaze Azərbaycan Prezidentinin bu bəyanatı ilə bağlı paylaşdığı qısa şərhində olduqca maraqlı bir məqama toxunub: "İlham Əliyevin bu gün Şuşada keçirilən media forumundakı çıxışından götürdüyüm əsas fikir budur: Prezident Əliyev nümayiş etdirdi ki, zəhmət və səbrlə, əraziləri işğal olunmuş və mövcudluğuna belə təhlükə yaradan böyük risklərlə üz-üzə olan kompakt bir ölkə bütün qlobal güc mərkəzlərinin və regional güclərin hesablaşacağı əhəmiyyətli regional oyunçuya, orta ölçülü bir gücə çevrilə bilər". Bu, həqiqətən də çox dərin siyasi mənası olan bir etirafdır. Cənubi Qafqazın digər ölkələrinin - Gürcüstan və Ermənistanın da orta gücə çevrilmək üçün şansları, fürsətləri olub. Lakin yalnız Azərbaycan öz fürsətini düzgün dəyərləndirə bildi, şansını yaxalamağı bacardı.
Bu, həqiqətən də beynəlxalq münasibətlər nəzəriyyəsi və Azərbaycanın xarici siyasəti baxımından çox fundamental bir məsələdir. Prezident İlham Əliyevin bu yanaşması ölkənin xarici siyasət doktrinasının yeni bir mərhələyə keçdiyini — yəni regional oyunçu olmaqdan daha genişmiqyaslı, orta güc statusuna sahib dövlət kimi qəbul edilməyə doğru addımladığını təsdiqləyir. Azərbaycanı bu statusa daşıyan meyarlar arasında ən başda strateji müstəqillik və suverenlik, ölkəmizin öz milli maraqlarını qlobal güc mərkəzlərinin təzyiqlərindən asılı olmayaraq müdafiə etmək bacarığı dayanır. 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı proseslər ölkəmizin müstəqil xarici siyasət yürütmək potensialını sübut etdi.
Regional iqtisadi əhəmiyyətlilik və qlobal infrastruktur layihələri ilə çıxış etmək təşəbbüskarlığı da önəmli faktorlardan biridir. Orta güclər adətən öz regionlarında logistik-bağlantı mərkəzi (hab) rolunu oynayırlar. Azərbaycanın enerji layihələri, Orta Dəhliz kimi qlobal nəqliyyat marşrutlarındakı rolu onu regional gücdən orta güc statusuna qaldıran iqtisadi amillərdir. Eləcə də Bakı Beynəlxalq Humanitar Forumu, Şuşa Qlobal Media Forumu kimi platformalar, Qoşulmama Hərəkatına sədrlik və digər regional dialoq formatları Azərbaycanın "yumşaq güc" diplomatiyasının effektivliyini təmin edir və onu orta gücə çevirir. Azərbaycan həm institusional sabitlikdən, həm də resurslardan effektiv istifadə etməklə, uzunmüddətli strateji planlamalar, milli prioritetlər vasitəsilə riskləri idarə etməyi, iqtisadi imkanlarını hərbi-siyasi gücə transformasiya etməyi və bu gücü dəqiq hədəflərlə (ərazi bütövlüyünün təmin edilməsi) düzgün istifadə etməyi bacardı. Nəticə etibarilə, bu gün Azərbaycanın "orta güc"ə çevrilməsi, ölkənin beynəlxalq münasibətlər sistemində subyektliyinin artması deməkdir. Bu isə o deməkdir ki, artıq regionda baş verən heç bir proses Azərbaycanın maraqları nəzərə alınmadan baş tuta bilməz. Bu status həm də ölkənin üzərinə daha böyük məsuliyyət və qlobal sabitliyə töhfə vermək öhdəliyi qoyur. Azərbaycan orta güc missiyasını daşımağa hazırdır.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş