
"Şuşada dörd ildir ki, ənənəvi olaraq keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətinin əsas prioritetlərini beynəlxalq auditoriyaya çatdıran strateji platforma kimi diqqət çəkdi. Forum çərçivəsində səsləndirilən mesajlar göstərdi ki, rəsmi Bakı dəyişən geosiyasi şəraitdə həm xarici siyasət kursunu, həm də regional əməkdaşlıq modelini ardıcıl şəkildə davam etdirmək niyyətindədir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, çıxışın əsas xəttini Azərbaycanın milli maraqlarına söykənən müstəqil xarici siyasət konsepsiyası təşkil etdi:
"Prezident vurğuladı ki, ölkənin təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq mövqeyi ilk növbədə daxili potensialın gücləndirilməsi və balanslaşdırılmış diplomatiya hesabına təmin olunur. Bu yanaşma Azərbaycanın müxtəlif qlobal güc mərkəzləri ilə əməkdaşlığı davam etdirməklə yanaşı, heç bir geosiyasi blokun qarşıdurma siyasətinin tərkib hissəsinə çevrilməmək xəttini qoruduğunu bir daha nümayiş etdirdi.
Forumda xüsusi diqqət ayrılan istiqamətlərdən biri regionda sülh və sabitlik məsələsi oldu. Prezident Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasının tərəfdarı olduğunu, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və qarşılıqlı əməkdaşlığın regionun gələcək inkişafı üçün əsas şərtlərdən biri hesab edildiyini qeyd etdi. Bu mesaj Azərbaycanın postmünaqişə dövründə iqtisadi inteqrasiya və regional əməkdaşlıq modelinə üstünlük verdiyini göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər".
Politoloq qeyd edib ki, Prezidentin çıxışında Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsi də strateji prioritet kimi təqdim olundu:
"Türk dövlətləri arasında siyasi dialoqun, nəqliyyat-logistika layihələrinin və enerji əməkdaşlığının dərinləşdirilməsi Orta Dəhlizin perspektivlərini daha da artıran amillər kimi qiymətləndirildi. Həqiqətən də ölkə başçısının da qeyd etdiyi kimi Xəzər hövzəsini birləşdirən infrastruktur layihələrinin inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı tranzit mərkəzi statusunu möhkəmləndirir və ölkənin geoiqtisadi əhəmiyyətini artırır.
Forum zamanı Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərə dair verilən mesajlar da diqqət çəkici idi. Xüsusilə Türkiyə ilə müttəfiqlik münasibətlərinin strateji xarakter daşıdığı, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yeni mərhələyə keçdiyi cənab Prezident tətəfindən xüsusi olaraq vurğulandı. Qarabağın bərpasına dost ölkələrin göstərdiyi dəstəyin qeyd olunması isə Azərbaycanın regional tərəfdaşlıq modelinin qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa əsaslandığını nümayiş etdirdi".
Yusif Bağırzadə hesab edir ki, bütövlükdə, IV Qlobal Media Forumunda verilən mesajlar Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırmaq baxımından önəmli oldu:
"Müstəqil qərarvermə, regional sülh təşəbbüsləri, nəqliyyat və enerji layihələrinin inkişafı, Türk dünyası ilə inteqrasiyanın gücləndirilməsi və çoxtərəfli əməkdaşlıq çağırışları çıxışın aparıcı tezisləri oldu. Bu baxımdan forum Azərbaycanın mövqeyinin və strateji baxışının qlobal informasiya məkanına çatdırılması baxımından əhəmiyyətli diplomatik platforma kimi qiymətləndirilə bilər".
Süleyman












































