
"Yaxın Şərq regionunda Kəngər körfəzi ölkələri də daxil daşlar yerindən tərpənməyə başlayır. Regionda köklü dəyişikliklər zamanına start verilib. Tərəflər artıq böyük hesablaşma olmadan daşların yerinə oturmayacağını bilirlər və buna görə hərəkət edirlər. ABŞ bütün fiqurları oyuna daxil edir. İran burulğanı bütün ətraf ölkələri bu və ya digər şəkildə özünə cəlb edəcək".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, ABŞ İraqdakı kürd qrupları (PJAK) oyuna salacaqsa, bu, region üçün uzunmüddətli gərginlik olacağı anlamına gəlir:
"Amma nəticədə İranın bütövlüyü məsələsi gündəmdə olacaq. Çünki kürd qruplar başqa şərtlərlə oyuna daxil olmazlar. Cənubi Azərbaycan ərazilərnin bir qismi təhlükə altına düşsə də, bu, nəticə etibarilə ümumi prosesin tərkib hissəsi kimi başa çatacaq. Yəni burda tək tərəfli plan işə yaramayacaq".
Azər Qasımov qeyd edib ki, Türkiyə və Azərbaycanın rolu həlledici olacaq.
Məsələlərin mahiyyəti region üçün stabillik istəyən ölkələrin əksinə kimin bu prosesləri daha doğru proqnozlaşdırması ilə uduşlu çıxacağıdır:
"Suriya misalından da göründüyü kimi kimsə stabillikdən gələcəyə yönəlik böyük planlar qura bilməz. İndiki durumda planlar məcburi şəkildə xaosdan əldə ediləcək nəticələr üzərində qurulmalıdır. Çünki bu oyunun başladanı öz planını qurub. Əsas məsələ bu plandan istifadə etməkdir, qarşısını almağa çalışmaq yox".
Süleyman












































