Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana gələn turistlərin sayında azalma var

Azərbaycana gələn turistlərin sayında azalma var


Cəfər Qara: "Körfəz ölkələri və Yaxın Şərq dövlətlərindən Azərbaycana gələn turistlərin sayında 40 faizə qədər azalma qeydə alınıb"

Artıq yay turizm mövsümünün yarısı geridə qalıb. Cari ilin ilk aylarının statistik göstəriciləri onu deməyə əsas verir ki, bu ilki nəticə heç də ürəkaçan deyil. Bəs, görəsən bu sahənin ekspertləri, turizm sahəsində uzun illər çalışan şirkət rəhbərləri nə düşünür? Bu və ya digər suallarla 10 ildən artıq turizm sektorunda çalışan Zakher Travel şirkətinin prezidenti Cəfər Qara ilə söhbətləşdik.

-Cəfər bəy, artıq yay turizm mövsümünə qədəm qoymuşuq. Keçən illə müqayisədə bu il Azərbaycana turist marağı nə dərəcədədir?


-Yay turizm mövsümünün yarısını artıq başa vurmuşuq. Mövsümün bitməsinə təxminən 45 gün qalıb. Keçən illə müqayisədə təəssüflər olsun ki, Azərbaycana gələn turistlərin sayında azalma var. Son günlər dərc edilmiş statistik məlumatlardan da aydın olur ki, cari ilin 6 ayında Azərbaycana gəlmiş xarici ölkə turistlərinin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 11 faizlik azalma baş verib. Xüsusilə, Körfəz ölkələri və Yaxın Şərq dövlətlərindən Azərbaycana gələn turistlərin sayında 40 faizə qədər azalma qeydə alınıb.

Təbii ki, Azərbaycanın turizm imkanları, potensialına maraq var və kifayət qədər çoxdur. Lakin müəyyən maneələr, ətraf regionda baş verən hərbi münaqişələr insanları səfər etmək istəklərindən çəkindirir. Çünki bəzi ölkələrin hava məkanları, bir çoxlarının isə hava limanları bağlıdır. Hətta bir çox uçuşlar ləğv edilib. Bunun üçün də insanlar səyahət etməyə üstünlük vermirlər. Çünki insanlar asudə vaxtlarını səmərəli keçirmək üçün səfərə çıxırlar. Ancaq bu zaman onlar təşviş, qorxu içində olurlarsa, təbii ki, belə bir səyahətə maraq göstərmirlər. Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm. Hazırda müxtəlif hava yolları şirkətləri tərəfindən Körfəz ölkələrindən Azərbaycana müəyyən uçuşlar həyata keçirilir. Ancaq bu zaman ənənəvi marşrut yolundan deyil, uzun məsafədən istifadə edilir. Əgər əvvəl Dubay-Bakı reysi ilə uçuş 2 saat 40 dəqiqə davam edirdisə, hazırda alternativ marşrutdan istifadə zamanı 5 saata yaxın uçuş olur. Bu da öz növbəsində əlavə yanacaq sərfiyyatı, xərclərin və təyyarə biletlərinin qiymətinin artmasına gətirib çıxarır ki, bu da əlçatanlığı çətinləşdirir.

-Turizm şirkətinin rəhbəri kimi təhlil aparmısınız, Azərbaycana daha çox turist gəlməyə maraqlıdır, yoxsa Azərbaycandan turist kimi başqa ölkələrə getməyə?


-Əlbəttə, Azərbaycana həm gəlmək, həm də yerli vətəndaşlarımız tərəfindən xarici ölkələrə səfər etmək istəyənlər var. Xüsusilə, yay mövsümündə vətəndaşlarımız həm xarici ölkələrə, həm də daxildəki turizm istirahət zonalarına səfərlərə çıxırlar, istirahət edirlər. Bununla yanaşı müxtəlif xarici ölkələrdən də Azərbaycana səyahət etməyə gələnlər olur. Rəqəmlərə diqqət yetirəndə ölkəyə gələnlərin sayının xarici ölkələrə səfər edənlərdən daha çox olduğunu görürük.

-Xarici turistlər üçün Azərbaycanın hansı turizm zonası daha çox maraqlı, cəlbedicidir?


-Biz bir qayda olaraq ərəb dövlətləri, Yaxın Şərq, Körfəz ölkələri ilə çalışdığımız üçün əsasən, onların istəklərini qeyd edirəm. Qeyd etdiyim ölkələrdən olan turistlər daha çox Azərbaycanın şimal və şimal qərb bölgələrinə səfər etməyə üstünlük verirlər. Bura Qafqaz dağları silsiləsində olan rayonlar, Quba, Qusar, eləcə də Qəbələ və Şəki daxildir. Təbii ki, paytaxt Bakıya da maraq kifayət qədər çoxdur.


-Azərbaycana ən çox hansı ölkədən turist axını müşahidə olunur?


-Azərbaycana maraq göstərən ölkələrin sırasına diqqət yetirdikdə aydın şəkildə görünür ki, bu tendensiya 2008-ci ildən etibarən təxminən eyni formada davam edir. İlk 3 yerdə qərarlaşan qonşu ölkələrdir. Bura Rusiya, Türkiyə və Gürcüstan daxildir. Sonrakı yerdə isə İran gəlir. Ən çox bu ölkələrdən Azərbaycana səfər edirlər. Bir məqamı da qeyd edim ki, Azərbaycan Statistika Komitəsi həmin ölkələrdən gələnləri turist kimi qeydə alsa da, əslində onlar potensial turist deyillər və əksəriyyəti həmin ölkələrdə yaşayan azərbaycanlılardır. Onlar da müntəzəm olaraq Azərbaycana öz qohumlarına, dədə-baba yurdlarına gəlirlər. Ancaq xarici ölkə vətəndaşı kimi ölkəmizə daxil olduqları üçün turist kimi qeydə alınırlar. Əslində isə onlar turist hesab edilmirlər.

-Bəs azərbaycanlılar daha çox hara, hansı ölkəyə səfər etməyə üstünlük verirlər?


-Azərbaycan vətəndaşları üçün uzun illərdir ki, qardaş Türkiyə əsas prioritet təşkil edir və vətəndaşlarımız daha çox bu ölkəyə səfər etməyə üstünlük verirlər. Bundan başqa son illərdə ən populyar destinasiya, istiqamət Misirin Şarm-əl Şeyx şəhəridir.


-Bir müddət əvvəl Bakı-Tbilisi sərnişin qatarının açılması turizmə nə dərəcədə təsir göstərir?

-Bakı-Tbilisi qatarlarından xarici turistlər demək olar ki, istifadə etmir. Çünki qatar biletləri əlçatan, eyni zamanda komfortlu deyil. 8-9 saatlıq yol qət etmək, gecə saatlarında iki ölkənin sərhədində hər birində 1 saat olmaqla sənəd yoxlanışının həyata keçirilməsi turistlər tərəfindən o qədər də yaxşı qəbul edilmir. Ona görə də xarici turistlər demək olar ki, bu marşrutdan istifadə etmirlər.

-Turizm şirkəti olaraq gələcək planlarınız nədir?


-Turizm şirkəti olaraq gündəmi, gündəmdə olan tendensiyanı izləyirik. Müntəzəm olaraq tərəfdaşlarımızla fikir mübadiləsi aparır, görüşlər keçiririk. Təəssüflər olsun ki, bu il nəzərdə tutulan bir çox turizm sərgiləri ya ertələndi, ya da ləğv olundu. Xüsusilə, Yaxın Şərq ölkələrində olan sərgilər ləğv edildi. Son məlumatlara görə, sentyabr ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turizm sərgilərinin keçirilməsi nəzərdə tutulub. Şirkət olaraq hər iki sərgidə öz stendimizlə iştirakımız nəzərdə tutulur. Qeyd etdiyim hər iki sərgi ərəb dünyasında təşkil olunan ən böyük sərgilərdən biridir və biz də orada Azərbaycanı təmsil edərək şirkətimizin xidmətlərini təqdimatlar vasitəsilə iştirakçılara çatdıracağıq. Sərgi qış mövsümü ərəfəsinə təsadüf etdiyi üçün şirkət olaraq sərgi iştirakçılarına həmin mövsümə uyğun olan tur paketlərimizi də təqdim edəcəyik. Bundan başqa tərəfdaşlarımızla görüşüb yeni müqavilələr bağlayacağıq. Ən əsası Azərbaycanın turizm potensialı, turizm istirahət zonaları və mərkəzləri barədə sərgi iştirakçılarını məlumatlandıracağıq.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş