
"Rusiya-Ukrayna müharibəsinin təmas xəttində ciddi dəyişikliklər baş verməsə də, qarşıdurma fərqli və təhlükəli yöndə sürətlə inkişaf edir. Tərəflər bir-birinin iqtisadi resursrlarını zəiflətməyə çalışır və bu məqsədlə hərbi hədəf sayılmayan müxtəlif nəqliyyat vasitələri, infrastruktur və ticarət obyektləri hücuma məruz qalır. Rusiya tərəfindən müharibənin ilk günlrindən tətbiq olunan bu taktika son dövrlərdə Ukrayna tərəfindən də aktiv və sistematik şəkildə istifadə olunmaqdadır".
Bunları Newscenter-az-a siyasi şərhçi Elçin Ağamalı Ukraynanın Xəzərdəki Rusiyaya məxsus qeyri-hərbi obyektləri hədəfə almasını şərh edərkən səsləndirib. O bildirib ki, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə müşayət olunan qeyri-hərbi obyektlərin hərbi müdaxilə nəticəsində məhv edilməsi və mülki şəxslərin öldürülməsi qəbul olunmaz prisident yaratmaqla, arxasınca daha böyük fəlakətlərə səbəb ola biləcək yeni addımlara gətirib çıxaracaq:
"Müharibə qanunlarının və beynəlxalq hüquq normalarının pozulması ilə bağlı hərbi müdaxilə müharibənin ilk günlərindən Rusiya tərəfindən tətbiq olunmağa başlanmışdır. Ukrayna tərəfi son aylara qədər müharibəni ancaq təmas xəttində aparsa da, son nəticədə hərbi qarşıdurmanın aparılması qaydasını düşmənin taktikasına və xislətinə uyğunlaşdırmışdır.
Münaqişə tərəflərinin düşmənin iqtisadi resurslarını sarsıtmaq üçün tətbiq etdikləri qarşılıqlı hərbi hücumlar artıq 3-cü ölkələrin də iqtisadi və strateji maraqlarına ciddi ziyan vurmaqla hər iki ölkənin sərhədlərini aşmaqdadır. Rusiyanın Ukraynaya məxsus və əsasən taxıl daşıyan yük gəmilərini vurmasının ardından Ukraynanın Qara Dənizdə üzən və əsasən Rusiaya neftini daşıyan tankerləri vurması münaqişənin Qara Dəniz hövzəsinə yayılması riskini gündəmə gətirdi. Məsələ ilə bağlı Türkiyə Ukrayna tərəfinə öz narahatlığını çatdırmış və münaqişənin Qara Dəniz hövzəsində yayılmasının yolverilməz olduğunu ifadə etmişdir. Eyni zamanda ABŞ rəsmiləri də Ukraynanı Rusiyaya məxsus olmayan yük gəmilərini vurmaqdan çəkinməyə çağırış etmişdir".
Elçin Ağamalı deyib ki, Qara Dəniz hövzəsindən sonra Xəzər dənizi də Ukrayna dronlarının əhatə dairəsinə daxil oldu:
"İrana məxsus iki yük gəmisinin vurulmasının ardından, Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun obyektlərinə də pilotsuz uçuş aparataları vasitəsilə zərbələr endirib. Nəzərə alsaq ki, Konsorsiumun aksionerləri arasında ABŞ-ın Chevron və ExxonMobil şirkətləri də vardır və bu boru xətti ilə Qazaxıstan neftinin böyük bir hissəsi daşınır, o zaman hücumun yaratdığı nəticələr iki dövlətin məsələsi olmaqdan çıxır. Hücumların ardından Qazaxıstan təhlükəsizlik məqsədilə terminala neft daşınmasını dayandırıb.
Rusiya-Ukrayna müharibəsindən ən çox maddi və mənəvi zərər görən 3-cü ölkələrdən biri də məhz Azərbaycandır. Ukrayna ərazisində fəaliyyət göstərən SOCAR-a məxsus obyektlərin, Qroznı üzərində AZAL təyyarəsinin vurulması iki ölkə arasında gedən müharibənin Azərbaycana vurduğu zərbənin görünən tərəfləridir. Müharibənin Xəzər dənizi akvatoriyasına yayılması kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq dövlətimizin maraqları xaricindədir".
Elçin Ağamalı hesab edir ki, Orta Dəhlizin, Azərbayacan və Mərkəzi Asiya dövlətlərinin karbohidrogen məhsullarının Avropanın enerji və logistika təhlükəsizliyində oynadığı mühüm rol Xəzər dənizinin münaqişə zonasından uzaq qalmasını tələb edir:
"Düşünürəm ki, Ukraynanın Avropalı müttəfiqləri də bunun fərqindədir və Xəzər regionunun münaqişədən kənar qalması üçün onlar da üzərilərinə düşən vəzifəni yerinə yetirəcəklər".
Süleyman











































