Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Avropa ilə əməkdaşlıq gündəliyində yeni mərhələnin başlanğıcı

Azərbaycanın Avropa ilə əməkdaşlıq gündəliyində yeni mərhələnin başlanğıcı


"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın Avropa ilə əməkdaşlıq gündəliyində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Məlumdur ki, müasir beynəlxalq münasibətlər sistemində enerji, logistika, texnologiya və geosiyasi sabitlik kimi amillər dövlətlər arasında tərəfdaşlığın əsas meyarlarına çevrilib. Bu baxımdan Berlin və Bakı arasında aparılan dialoq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Avropa–Cənubi Qafqaz əlaqələrinin gələcək inkişafı baxımından da əhəmiyyət kəsb edir".

Bunları Newscenter-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Azərbaycan üçün bu səfərin əsas perspektivlərindən biri Almaniya ilə iqtisadi əməkdaşlığın daha çox sənaye və innovasiya istiqamətində inkişaf etdirilməsidir:

"İndiyədək enerji sektoru əlaqələrin aparıcı istiqaməti olsa da, hazırkı mərhələdə yüksək texnologiyalar, rəqəmsal transformasiya, yaşıl sənaye, peşə təhsili və istehsal sahələrində əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar formalaşıb. Almaniya bu istiqamətlərdə dünyanın aparıcı iqtisadiyyatlarından biri hesab olunur və onun təcrübəsinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara inteqrasiyası qarşılıqlı fayda verə bilər".

Politoloq qeyd edib ki, Almaniya baxımından isə Azərbaycan Cənubi Qafqazda sabit tərəfdaş olmaqla yanaşı, Avropa bazarlarının enerji təminatında etibarlı mənbələrdən biri kimi önəmini daha da artırır:

"Son illərdə Avropanın enerji siyasətində yaşanan dəyişikliklər alternativ tədarükçülərlə əməkdaşlığı prioritetə çevirib. Azərbaycanın həm təbii qaz ixracı, həm də bərpa olunan enerji potensialı Almaniyanın enerji keçidi strategiyası ilə uzlaşır. Xüsusilə Xəzər regionunda yaşıl enerji istehsalı və onun Avropa bazarlarına çatdırılması ilə bağlı layihələr Almaniya şirkətlərinin iştirakı üçün yeni investisiya imkanları yarada bilər".

Politoloq deyib ki, səfərin digər mühüm perspektivi qarşılıqlı investisiya axınının genişlənməsi ilə bağlıdır:

"Azərbaycan son illər biznes mühitinin təkmilləşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq tranzit imkanlarının artırılması istiqamətində ciddi addımlar atıb. Bu amillər Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərməsinə şərait yarada bilər. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarında artan rolu Almaniyanın logistika və ixrac maraqları baxımından da diqqət çəkir.

Siyasi müstəvidə isə səfər qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır. Almaniya Avropa İttifaqında aparıcı söz sahibi olan ölkələrdən biridir və Bakı ilə Berlin arasında intensiv dialoq Azərbaycan–Avropa münasibətlərinin daha praqmatik əsaslar üzərində inkişafına töhfə verə bilər. Regional təhlükəsizlik, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və beynəlxalq nəqliyyat layihələrinin inkişafı kimi məsələlərdə ortaq maraqlar tərəflərin əməkdaşlıq gündəliyini daha da zənginləşdirə bilər".

Yusif Bağırzadə deyib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri hər iki ölkənin strateji maraqlarının kəsişdiyi istiqamətlərin daha aydın şəkildə müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir:

"Azərbaycan bu əməkdaşlıq vasitəsilə Avropa iqtisadi məkanına inteqrasiyasını dərinləşdirmək, Almaniya isə Cənubi Qafqazda etibarlı tərəfdaşla əlaqələrini gücləndirmək imkanı əldə edir".

Süleyman
Xəbəri paylaş