Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haqsızlıqla üzləşən müəllimə Prezident İlham Əliyevə müraciət etdi

Haqsızlıqla üzləşən müəllimə Prezident İlham Əliyevə müraciət etdi


Mingəçevir şəhər 13 nömrəli körpələr evi–uşaq bağçasının tərbiyəçi-müəllimi Sevinc Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Newscenter.az-a daxil olan müraciətin mətnində Sevinc Məmmədova Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən haqsızlıqla üzləşdiyini, bununla bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə etdiyi müraciətlərin cavabsız qaldığını bildirib:

"Mən Sizə bir Azərbaycan vətəndaşı, uzun illər vicdanla çalışmış məktəbəqədər təhsil işçisi kimi müraciət edirəm. Bu müraciəti yazmağa məni şəxsi maraqlar deyil, ədalətə olan inamım və qanunun aliliyinə olan etibarım vadar edir.

Artıq üç aya yaxındır ki, Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və digər aidiyyəti qurumlara etdiyim müraciətlər cavabsız və ya məni qane etməyən formal cavablarla nəticələnir. Qaldırdığım məsələlərin hüquqi əsasları mənə bu günə qədər təqdim edilməyib. Mən yalnız bir neçə sadə, lakin mühüm sualın cavabını istəyirəm:

Məktəbəhazırlıq qruplarının bağlanmasına əsas olan rəsmi qərar haradadır?. Əgər belə bir qərar mövcuddursa, niyə müəllimlərə və valideynlərə təqdim olunmayıb?. Vəzifə adım hansı qanuni əsasla dəyişdirilməyə cəhd edilib?. Əmək müqaviləmə dəyişiklik edilməsinə hansı hüquqi əsasla cəhd göstərilib?. Valideynlərin və uşaqların məktəbəhazırlıq təhsili hüquqları niyə nəzərə alınmayıb?"

Müraciət müəllifi inamla bildirir ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə qanunun aliliyi təmin olunur və hər bir vətəndaşın müraciəti diqqətlə araşdırılır:

"Buna görə də Sizdən xahiş edirəm ki, müraciətimin obyektiv araşdırılmasına və qaldırdığım məsələlərə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsinə köməklik göstərəsiniz.

Mən heç kimi əsassız ittiham etmirəm. Mən yalnız həqiqətin üzə çıxmasını, qəbul olunmuş qərarların hüquqi əsaslarının açıqlanmasını, əmək hüquqlarımın qorunmasını və dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasını istəyirəm.

Bu gün də ümidimi itirməmişəm. İnanıram ki, Azərbaycan Respublikasında heç kim qanundan üstün deyil və hər bir vətəndaşın haqq səsi gec-tez eşidilir.

Hörmətli cənab Prezident, Sizdən bir Azərbaycan müəlliminin səsinə səs verməyinizi, müraciətimin nəzarətə götürülməsinə kömək göstərməyinizi və aidiyyəti qurumlara qanunun aliliyinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilməsini xahiş edirəm. Allah Azərbaycanı qorusun, dövlətimizi və xalqımızı daim uca etsin".

Süleyman
Xəbəri paylaş