Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəriman Həsənzadə – Türk Dünyasının Böyük Şairi

Nəriman Həsənzadə – Türk Dünyasının Böyük Şairi


Azərbaycan ədəbiyyatı, söz sənətindən hər gün bir yarpaq düşür. Hər bir ustad, hər bir söz, sənət adamını haqq dünyasına yola salmağımız ədəbiyyatımız, mədəniyyətimiz üçün böyük itki ilə yadda qalır. Bəzən bu itkilər tək Azərbaycan dövləti, cəmiyyəti üçün olmur, bir ustadın, bir söz, sənət adamının itkisi böyük bir coğrafiya üçün təəsüüf doğurur. Necə ki, Nəriman Həsənzadə itkisi təkcə Azərbaycan üçün itki sayılmadı, bu həm də Türk dünyasının itkisi oldu. Çünki Nəriman Həsənzadə yaradıcılığında təkcə Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Vətən sevgisi, tarixi yaddaşəməz deyil, ümumilikdə bütün türk dünyasının bütün qeyd etdiyimiz müsbət məziyyətləri öz əksini tapırdı. Bu səbəbdən də Nəriman Həsənzadə yalnız ölkə miqyasında yox, eyni zamanda Türk dünyasında sevilən və hörmətlə anılan şairlərindən biri hesab olunurdu.

XX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbi mühitində özünəməxsus dəst-xətti ilə seçilən şairlərdən biri də Nəriman Həsənzadə idi. Klassik poeziyanın ənənələrini müasir bədii düşüncə ilə uğurla birləşdirərək milli ədəbiyyata yeni nəfəs gətirən şairlərdən biri də məhz o olmuşdu. Onun şeirlərində sadəlik, səmimilik, lirizm və dərin fəlsəfi düşüncə vəhdət təşkil edirdi. Mərhum şairimizin hər misrasında insan taleyinə, Vətənə, ana dilinə və milli kimliyə sonsuz məhəbbət tərənnüm olunurdu. Elə onun yaradıcılığaı olan böyük maraq, geniş oxucu kütləsi qazanmasını şərtləndirən başlıca amillərdən biri də məhz bu xüsusiyyətlər idi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Nəriman Həsənzadə yaradıcılığının yarım əsrdən artıq bir dövründə zəngin və çoxşaxəli bədii yaradıcılığı ilə milli poeziyamızın inkişafına mühüm töhfələr vermişdir.

Millətinə, xalqına, dövlətinə tükənməz sevgi və məhəbbətlə bağlı olan Nəriman Həsənzadənin yaradıcılığında Vətən mövzusu hər zaman ön planda olub və xüsusi yer tutub. Qarabağ, Azərbaycan torpaqlarının bütövlüyü, xalqın azadlıq arzusu və milli birlik ideyaları onun poeziyasının aparıcı xəttini təşkil edir. Nəriman Həsənzadənin fikrincə, Vətən yalnız coğrafi məkan deyil, həm də xalqın dili, tarixi, mədəniyyəti və mənəvi yaddaşıdır. Buna görə də onun şeirləri təkcə poetik nümunə deyil, həm də vətəndaşlıq mövqeyinin ifadəsidir.

Qeyd etdiyimiz kimi, Nəriman Həsənzadənin yaradıcılığında türk dünyası xüsusi yer tuturdu və şairin yaradıcılığı bu coğrafiyanın ortaq mənəvi dəyərləri ilə sıx bağlıdır. O, türk xalqlarının ortaq tarixini, mədəniyyətini və mənəvi birliyini poeziyasında böyük ustalıqla əks etdirmişdir. Əsərləri Türkiyə başda olmaqla müxtəlif türk respublikalarında oxunur, araşdırılır və yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bir çox ədəbiyyatşünaslar tərəfindən Nəriman Həsənzadə müasir türk poeziyasının görkəmli nümayəndələrindən biri hesab olunurdu. Elə Nəriman Həsənzadəni “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyi (ATXƏM) ilə sıx bağlayan tellərdən biri də məhz türkçülük, şairin yaradıcılığında Türk dünyasına xüsuso yer ayrılması idi. Təkcə şairin “Nuru paşa” kitabı Nəriman Həsənzadənin necə böyük Türk olduğunu, yaradıcılığında Türk ruhunun bütün incəliklərinin əks olunduğunu deməyə əsas verir. Yaradıcılığı ilə həm Azərbaycan ədəbiyyatı, həm də Türk dünyasına verdiyi töhfələr hər zaman ATXƏM ailəsi tərəfindən bötyük sevgi və ehtiramla anılacaq, yad ediləcək. ATXƏM-in Nəriman Həsənzadənin iştirakı ilə keçirdiyi tədbirlər bizim qızıl fondumuzdur və bu fondu göz bəbəyimiz kimi qoruyacağıq.

İlham İsmayılov,

ATXƏM sədri
Xəbəri paylaş