Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ermənistandan asanlıqla gedəcəyini düşünmək sadəlöhvlük olardı

Rusiyanın Ermənistandan asanlıqla gedəcəyini düşünmək sadəlöhvlük olardı


"Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Paşinyan hökuməti Rusiya ilə mövcud olan bağların zəiflədilməsi, bir sıra hallarda isə tamamilə kəsilməsi istiqamətində addımlarını reallaşdırmağa başlayıb. Hökumət başçısı kimi yeni parlamentdə ilk çıxışı zamanı Paşinyan Ermənistanın 2026-2031-ci illər üçün inkişaf proqramını açıqlayarkən ölkənin qonşu dövlətlərlə, qərblə inteqrasiyasının xarici siyasətdə prioritet istiqamət olacağını açıqlayıb. Hökumətin 5 il üçün nəzərdə tutulan proqramında Rusiya artıq strateji partnyor kimi qeyd olunmayıb. Başqa sözlə Ermənistan Rusiyanın təsir mexanizmlərindən ağır-ağır olsa da uzaqlaşmağa çalışır və bu yöndə bəzən radikal, bəzən də uzun zamana hesablanmış addımlarını atmaqdadır".

Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı son günlər Ermənistanda baş verən proseslər və buna Kremlin reaksiyasını şərh edərkən səsləndirib. O bildirib ki, Qarabağ münaqişəsinin bitməsi ilə regionda dəyişən geosiyasi reallıqlar artıq Ermənistan cəmiyyətində də müsbət mənada getdikcə daha çox qəbullanmaqdadır:

"Ermənistanı Rusiyaya bağlayan tellər hansılardır və bu yöndə hansı addımlar atılmaqdadır. Birincisi Ermənistanın Rusiya hərbi sənayesindən asılığı ortadan qalxmışdır. Qarabağ münaqişəsinin həllinə qədər Rusiya Ermənistanın əsas silah təhcizatçısı idi. Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın silah ixracatındakı çətinlikləri və Ermənistanın ölkəmizə qarşı aqressiyasının sonlandırılması səbəbindən Paşinyan hökuməti yeni silah təminatı ilə bağlı alternativ bazarlara girişi təmin edə bildi. Bununla da Rusiya silahı olmadan Ermənistan dövləti olmaz kimi təhdid ortadan qalxmış oldu.

İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın iştirakı ilə bağlı mövcud olan öhdəliklərdir. Ermənistan artıq bir neçə ildir ki, bu təşkilatın işində iştirakını dondurub. Qərblə yaxınlaşmaq siyasəti aparmaqla Rusiyanın Ermənistanı bu təşkilatdan çıxarmaq barədə verəcəyi qərarı gözləyir. Paşinyan hökuməti bununla da ölkəsinin KTMT-dən çıxmaq məsuliyyətini Rusiyanın üzərinə qoymaqla dövlətinin üzləşə biləcəyi təzyiq dalğasını zəiflətməyə çalışır. Eyni zamanda sərhəd mühafizəsini öz üzərinə götürməklə Ermənistanda yerləşən Rusiya ordusuna ehtiyacının qalmadığına dair siyasi mesajını vermişdir. Düşünürəm ki, Rusiya ordusunu Ermənistandan çıxarılması artıq zaman məsələsidir.

Üçüncüsü, Ermənistanın Rusiyanın enerji daşıyıcılarından olan asılılığıdır. Artıq bu istiqamətdə də Ermənistan alternativ həll yollarını sınaqdan çıxarıb. Azərbaycandan neft məhsullarının alınması praktikası artıq formalaşıb və bu yöndə münasibətlərin şaxələndirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Azərbaycandan alınan karbohidrogen məhsulları Ermənistanın həm Rusiyadan, həm də İrandan bu yöndəki asılılığını ortadan qaldıracaq.

Dördüncüsü, Ermənistanın kənd təsərrüfatı məhsullarını satmaq üçün Rusiya bazarından mövcud olan asılılığıdır. Bu məsələdə də Paşinyan hökuməti Avropa partnyorlarının köməyi ilə situasiyanı əsasən normal axara yönəldə bilmişdir. Həm Avropa bazarlarının Ermənistan məhsullarının üzünə açılması, həm də Avropa Birliyinin maddi dəstəyi sayəsində Ermənistanın kənd təsərrüfatı Rusiya məhdudiyyətlərini az zərərlə bağlaya bildi.

Beşinci, Ermənistanın gerçək suverenliyini təhdid edən insan faktorudur. İstər ölkənin daxilində, istərsə də xaricdə Rusiya maraqlarını müdafiə edən çox sayda uzun illər boyu yetişdirilmiş siyasətçi, hərbiçi, din və diaspora nümayəndəsi vardır. Paşinyanın Rusiya agenturasına qarşı mübarizəsi artıq bir neçə ildir ki davam edir və bu istiqamətdə də nəzərə çarpan uğurlar əldə edilmişdir. Ordunu Rusiya bağlılığı olan general və yüksək rütbəli zabitlərdən təmizləyən Paşinyan kilsəni də əsasən nəzarət altına ala bilmişdir. Diasporanın daxili siyasətə təsirini qismən zəiflədən hökumət artıq Rusiyaya bağlı siyasətçilərin məsələsini də birdəfəlik həll etmək istəyir. Bu günlərdə Köçəryanın və Sarkisyanın saxlanılması hökumətin bu yöndəki fəaliyyətində qərarlı olduğunun göstəricisidir.

Altıncı, Ermənistan dəmir yollarının və digər vacib iqtisadi və kommunikasiya vasitələrinin Rusiyanın idarəçiliyində olması səbəbindən mövcud olan asılılıqdır. Bu bağların ortadan qalxması üçün Paşinyan hökuməti radikal mövqe ortaya qoymağa başlayıb və həll yolları axtarışındadır".

Elçin Ağamalı hesab edir ki, Ermənistan hökumətinin həyata keçirdiyi siyasət Rusiyanı heç cür qane etmir və bu ölkənin siyasi dairələri etirazlarını və narahatlıqlarını açıq şəkildə dilə gətirirlər:

"Rusiyanın Ermənistandan, onun timsalında isə Cənubi Qafqazdan asanlıqla gedəcəyini düşünmək sadəlöhvlük olardı. Ermənistanı təsir dairəsində saxlamaq üçün Rusiyanın cəhdləri davam edəcəkdir. Bu cəhdlərin bəzən radikal addımlar şəklində biruzə verməsi də istisna deyil. Bütün bunlara rəğmən düşünürəm ki, Ermənistan Azərbaycanın da ciddi dəstəyi və təminatı ilə Rusiaya ilə mövcud olan təsiretmə bağlarının tamamilə ortadan qalxmasına nail olacaqdır".

Süleyman
Xəbəri paylaş