Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Cənubi Qafqazı, Özbəkistan isə Mərkəzi Asiyanı təmsil edən mühüm tranzit qovşaqları kimi çıxış edir

Azərbaycan Cənubi Qafqazı, Özbəkistan isə Mərkəzi Asiyanı təmsil edən mühüm tranzit qovşaqları kimi çıxış edir


Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə qazandığı yeni məzmunu və strateji əhəmiyyəti bir daha ortaya qoyur. Müsahibənin əsas mesajlarından biri ondan ibarətdir ki, iki ölkə arasında münasibətlər yalnız tarixi, mədəni və mənəvi yaxınlıqla məhdudlaşmır, artıq konkret siyasi, iqtisadi və regional maraqlar üzərində qurulan müttəfiqlik xarakteri daşıyır.
Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan arasında əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri təşkil edir. Lakin son illərdə bu təbii yaxınlıq dövlətlərarası münasibətlərin institusional və hüquqi mexanizmlərlə möhkəmləndirilməsi ilə tamamlanıb. 2024-cü ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və 2025-ci ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə münasibətlərin siyasi əsaslarını daha da gücləndirib.
Bu prosesdə iki ölkə liderləri arasında formalaşmış yüksək səviyyəli etimadın xüsusi rolu var. Son beş ildə keçirilən qarşılıqlı səfərlərin intensivliyi də göstərir ki, Bakı və Daşkənd arasında siyasi dialoq epizodik deyil, davamlı xarakter daşıyır. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu siyasi iradənin praktiki əməkdaşlıq mexanizminə çevrilməsinə imkan verir.

Münasibətlərin iqtisadi ölçüsü də diqqət çəkir. 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iki ölkənin iqtisadi potensialının hələ tam reallaşdırılmadığını göstərir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollarlıq kapitalı isə qarşılıqlı investisiyaların genişləndirilməsi üçün mühüm platformadır. Avtomobil istehsalı, enerji, kənd təsərrüfatı və turizm sahəsində birgə layihələr əməkdaşlığın real iqtisadi nəticələr yaratdığını göstərir.

Eyni zamanda, nəqliyyat və logistika istiqaməti münasibətlərin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Cənubi Qafqazı, Özbəkistan isə Mərkəzi Asiyanı təmsil edən mühüm tranzit qovşaqları kimi çıxış edir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bu iki ölkənin regional bağlantısında yeni imkanlar yarada bilər.

Prezidentin müsahibəsindən görünən əsas nəticə budur ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilə bilməz. Bu tərəfdaşlıq Türk dünyasında inteqrasiyanın, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin və Avrasiya nəqliyyat marşrutlarının inkişafında getdikcə daha mühüm strateji amilə çevrilir.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş