
“27 Sentyabr Azərbaycan tarixində həm kədər, həm də milli iradə və qəhrəmanlıqla bağlı xüsusi məna daşıyan gündür. Anım Günü 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib”.
Bunlar Newscenter.az-a politoloq Arzuman Muradlı 27 sentyabr-Anım Gününün mahiyyəti, bu günün əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, tarixi İkinci Qarabağ, Vətən Müharibəsi kimi düşən həmin hadisələrin baş verməsi səbəbi Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsi və yeni ərazilər zəbt etmək istəyindən irəli gəlirdi:
“XX əsrin 80-90-cı illərində tarixi Azərbaycan ərazilərində deportasiya və soyqırımlara start verən ermənilər sərsəm “dənizdən-dənizə Ermənistan” ideyalarını həyata keçirmək üçün yeni işğalçılığa başladılar. Azərbaycan ərazilərinin 20 faizini işğala məruz qoyaraq bir milyona yaxın soydaşımızı qaçqın və məcburi köçkünə çevirən Ermənistan işğal dövründə xalqımıza Ağdaban, Baqanis-Ayrım, Xocalı kimi faciələr yaşatdı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ermənilərin XX əsrdə insanlıq əleyhinə törətdikləri soyqırımlar sivil dünyanın gözü qarşısında baş verir və dünya birliyi bu soyqırımları, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq təşkilatlar səssiz izləməklə məşğul idilər.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiq edən, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, lakin həmin qətnamələrin icrası təmin olunmadı. Cəzasızlıqdan istifadə edərək beynəlxalq hüququ, BMT qərarlarını heçə sayan Ermənistan yeni ərazilər zəbt etmək üçün 2016-cı ilin Aprel, eləcə də Tovuz döyüşlərinə, nəhayət 44 günlük Vətən müharibəsinin başlamasına rəvac verdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Həmin gün Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. Beləliklə, 27 Sentyabr Vətən müharibəsinin başlanğıc tarixinə çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın hərbi-siyasi tarixində yeni mərhələ yaratdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri daxil olmaqla bir sıra ərazilər üzərində Azərbaycanın nəzarəti bərpa edildi. Noyabrın 10-da əldə olunmuş üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ hesab olunur”.
Arzuman Muradlı qeyd edib ki, 27 Sentyabr yalnız müharibənin başlandığı gün deyil. Bu tarix ilk növbədə şəhidlərin xatirəsinin yaşadılması, onların qarşısında mənəvi borcun ifadəsi və Vətən uğrunda fədakarlığın gələcək nəsillərə çatdırılması günüdür:
“Prezidentin Anım Gününün təsis edilməsi barədə Sərəncamında şəhidlərin, hərbçilərin, qazilərin və arxa cəbhədə çalışan insanların Vətən müharibəsində göstərdiyi fədakarlıq xüsusi vurğulanır. Bir sözlə, 27 Sentyabr, Anım Günü Azərbaycanın müasir tarixində xüsusi yeri olan bir gündür. Bu tarixə aparan yol 1990-cı illərin əvvəllərində başlayan işğal və məcburi köçkünlükdən, uzun illər davam edən diplomatik prosesdən, hərbi qarşıdurmalardan və 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsindən keçib”.
Süleyman












































