Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb

Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb



ADY-nin sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında “China Railway Express” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilən “Qlobal Tərəfdaşlarla Görüş - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda iştirak edib.

Newscenter.az xəbər verir ki, forum çərçivəsində ADY-nin nümayəndə heyəti Çin, Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələri, həmçinin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub.

Müzakirələr üç əsas mövzunu əhatə edib:

Transxəzər dəhlizində sabit və güzəştli daşıma tarifləri, sürətli gömrük rəsmiləşdirilməsi və çatdırılmanın operativliyinin təmin edilməsi.
Marşrut boyu infrastruktur layihələrinin ircası, terminalların və stansiyaların modernləşdirilməsi.
Tranzit kodları üçün müraciət prosesinin sadələşdirilməsi, sənədləşmə standartlarının unifikasiyası və inteqrasiya edilmiş rəqəmsal informasiya sisteminin yaradılması.
Müzakirələrdən sonra dəmiryol rəsmilərinin hesabatları dinlənilmişdir. Hesabat sessiyası zamanı ADY-nin sədr müavini Vüsal Aslanov Orta Dəhlizin daha səmərəli, çevik və şaxələndirilmiş fəaliyyət göstərməsi üçün Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verib.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Zəngəzur dəhlizi layihələrinin təqdimatı zamanı Vüsal Aslanov BTQ-nin illik 5 milyon ton yükaşırma gücü ilə Orta Dəhlizin inkişafına mühüm təsir göstərərək regionun logistika xəritəsini dəyişdiyini, yükdaşımaların cəlbediciliyini artıraraq Avropa və Asiya arasında birbaşa və səmərəli bağlantı yaratdığını qeyd edib.

Vüsal Aslanov Azərbaycan ərazisi üzrə Zəngəzur dəhlizi layihəsinin Horadiz-Ağbənd hissəsinin 57%-nin tamamlandığını, İran İslam Respublikasının ərazisindən keçəcək hissəsinin tikintisinin isə layihələndirmə işlərinin yekunlaşmasından sonra başlayacağını bildirib.

Zəngəzur dəhlizi Orta Dəhliz üzrə tranzit marşrutlarını şaxələndirəcək, yüklərin Çin və Orta Asiyadan Avropaya çatdırılma vaxtını qısaldacaq və Xəzər dənizini keçdikdən sonra multimodal daşıma ehtiyacını aradan qaldıracaq.

Vüsal Aslanov, həmçinin Orta Dəhlizin səmərəliliyini və konteyner qatarlarının sayını artırmaq üçün ADY-nin optimallaşdırılmış tarif siyasəti və endirimlər tətbiq etdiyini bildirib. Eyni zamanda, bu istiqamətdə dəhliz iştirakçılarına təkliflərini səsləndirib, Çinin öz ərazisində yük əməliyyatları üçün subsidiyaların tətbiq etməsinin dəhlizin inkişafına təkan verə biləcəyini qeyd edib.

Hesabat sessiyasının sonunda Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunu inkişaf etdirmək və Çin Xalq Respublikasından müntəzəm konteyner qatarlarının təşkilini təkmilləşdirmək üçün Çin tərəfinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının təsis etdiyi “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə daxil olması barədə əməkdaşlıq memorandumunun imzalanması baş tutub.

Bundan əlavə tədbir çərçivəsində imzalanmış “Yüksək keyfiyyətli Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin birgə tikintisinə dair Təşəbbüs” sənədi Çin mənşəli yüklərin Avropa və Asiya bazarlarına Orta Dəhliz vasitəsilə daşınması, regionlar arasında iqtisadi, ticari və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, xərclərin optimallaşdırılması, daşınmanın effektivliyinin artırılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi, müvafiq informasiya platformasının yaradılması və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edib.

Süleyman
Xəbəri paylaş