Əldə olunan vəsait Qarabağın dirçəlişinə yönəldiləcək
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış və püşkatma mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, mərasim turnirin təqdimat videosunun nümayişi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirlə bağlı geniş məlumat verib.
Turnirin baş sponsoru olan Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov çıxışında yarışın əhəmiyyətini qeyd etməklə yanaşı, onun yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib və belə təşəbbüslərə daim dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Qarabağın İnkişafı ilə bağlı layihələrə dəstək vermək mövzusunda Fond ilə əməkdaşlığın əhəmiyyətinə toxunan Aydın Talıbov qeyd edib ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərdəki ehtiyacları və prioritetləri müəyyən edib şirkətləri dolğun informasiya ilə təmin etməsi Qarabağın bərpasına və inkişafına töhfə vermək istəyən biznes subyektlərini daha məqsədyönlü fəaliyyətə sövq etdirir.
Çıxışlardan sonra tədbirin keçirilməsinə dəstək verən sponsor və tərəfdaşlara Qarabağ Dirçəliş Fondu adından xüsusi plaketlər və “Təşəkkür Sertifikatları” təqdim olunub. Sonra minifutbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, turnirdə çıxış edəcək dövlət və özəl sektoru əhatə edən 40 kollektiv hər birində 10 komanda olmaqla 4 qrupa bölünüb.
Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək.
Turnirin keçirilməsindən əldə olunan vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.
30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildən başlayaraq Qarabağ Dirçəliş Fondu ilə müxtəlif Korporativ Sosial Məsuliyyət (KSM) layihələri çərçivəsində uğurlu əməkdaşlıq edir.
Süleyman