Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Türkiyənin Yıldız Texniki Universitetində (YTU) bir sıra mühim görüş keçirib. Səfər çərçivəsində professor Nigar Aslanova, YTU-nun rektoru professor Eyyub Debiklə görüşərək ikitərəfli əlaqələrin gücləndirilməsi, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Newscenter.az görüşdə, AzMİU və YTU arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin universitetlər arasında elmi tədqiqatların təşviq edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri gündəmə gətirilib. İki universitetin alimləri arasında təcrübə mübadiləsinin artırılması, elmi fəaliyyətlərin daha da zənginləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Prorektor Nigar Aslanovanın, YTU-nun Fənn ədəbiyyat fakültəsində və fakültənin Riyaziyyat kafedrasında da bir sıra görüşləri keçirilib. Bu görüşlərdə AzMİU və YTU-nun doktorantları üçün birgə elmi rəhbərlik imkanları müzakirə olunub. Bu cür əməkdaşlıq, tədqiqatçılar arasında birgə elmi layihələrin həyata keçirilməsi, yeni elmi araşdırmaların aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bundan əlavə, Riyaziyyat kafedrasında keçirilən elmi seminarda professor Nigar Aslanova elmi məruzə ilə çıxış edib. Aktual riyazi məsələlərin həllinə həsr olunan seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarın sonunda iştirakçılar, mövzu ilə bağlı suallarını verərək, professor Nigar Aslanovadan ətraflı cavablar alıblar.
Qeyd edək ki, AzMİU prorektorunun YTU-ya səfəri, universitetin beynəlxalq elmi əməkdaşlığını daha da gücləndirmək, eləcə də elm və innovasiya sahəsində yeni tərəfdaşlıqların yaradılması baxımından əhəmiyyətli addım olub. Bu əməkdaşlığın həm AzMİU-nun, həm də ümumilikdə Azərbaycan elminin potensialını, elmi tədqiqatların kefiyyətini artıracağı gözlənilir.
Süleyman