Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan həm də idman dövlətidir

Azərbaycan həm də idman dövlətidir
 

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra respublikada bütün dövlət təsisatları yaradıldı. Azərbaycan əksər beynəlxalq təşkilata üzv qəbul edildi. Belə yaradılan təşkilatlardan biri də Milli Olimpiya Komitəsi oldu.

1992-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edildi. MOK-un fəaliyyəti dünya idmanı müstəvisində o qədər də seçilmirdi. Azərbaycanın idman ictimaiyyətinin təşəbbüsü ilə MOK-un Baş Məclisi MOK-un prezidentinin dəyişdirilməsini zəruri bildi. 1997-ci il iyulun 31-də İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu seçim Azərbaycanda idmanın dinamik inkişafı üçün əsaslı stimul oldu. Dövlətin idman siyasəti dövlətçilik siyasətinin tərkib hissələrindən biri oldu. MOK prezidentinin təşəbbüsü ilə gerçəkləşən beynəlxalq tədbirlər (yarışlar, turnirlər) idmana marağı da artırırdı, dövlətin nüfuzu idman vasitəsilə də artırdı.

Yarışlarda qalib idmançımızın şərəfinə dövlət himnimizin səslənməsi, bütün idmançıların, tamaşaçıların, texniki heyətin himnimizi ayaq üstə dinləməsi dövlətimizə ehtiram kimi tarixləşirdi. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra idmana dövlət qayğısı daha da artdı. Bütün idman federasiyaları fəaliyyətini dünyəvi tələblər səviyyəsində qurdu. Azərbaycanın yığma komandası Avropa və Dünya miqyaslı yarışlarda, Olimpiya Oyunlarında daha geniş tərkibdə iştirak etməyə başladı, qələbələrin sayı da, medalların əyarı da artdı. İlham Əliyev həm dünya idman aləmində yüksək erudisiyalı idman təşkilatçısı kimi, həm də Azərbaycanda dünyəvi idmanın fəlsəfəsinin hər yeniyetmənin, gəncin düşüncələrinə hopmasının təşkilatçısı kimi tanındı, bəşəri ehtiramla əhatələndi. 

Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra MOK-un qətiyyətli, birmənalı qərarı ilə İlham Əliyev həm də MOK-un prezidenti vəzifəsində qaldı. Azərbaycanın dövlətçiliyi də, dövlətçiliyin tərkib hissələrindən biri olan idman siyasəti də yeni inkişaf mərhələsinə qədəm qoydu. Olimpiya hərəkatının inkişafı  Azərbaycanda  dövlət siyasətinin tərkib hissələrindən oldu.

Azərbaycan Respublikasının Prezidenti kimi Azərbaycan dövlətinin, Azərbaycanın dövlətçiliyinin nüfuzunu yüksəldən cənab İlham Əliyev MOK-un prezidenti kimi Azərbaycan idmanını da dövlətin nüfuzunun yüksəldilməsinə səfərbər etdi. 

Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak etdi, komanda hesabında 30-cu yeri, müsəlman ölkələri arasında üçüncü yeri tutdu.
Azərbaycan idmançıları sonrakı Olimpiya Oyunlarında daha yaxşı nəticələr əldə etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında bunlar haqqında ətraflı danışdı.

Dövlət başçımız çıxışında qeyd etdi ki, Azərbaycanda 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində, Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik - 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi... İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında onu da qeyd etdi ki, bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik.

Tədbirdə qeyd olundu ki, üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir.

2024-cü il də Azərbaycan idmançılarının 1700-ə yaxın medal qazanması da iftixarla xatlırladıldı.

Cənab İlham Əliyev qeyd etdi ki, “Biz ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edirik - dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Çünki mən Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra çox yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir”.

Tədbirin sonunda idmançılar təltif edildi...
Bu tədbir bir daha təsdiqlədi ki, Azərbaycan bəşəri dövlətdir, dünyəvi dövlətdir, həm də idman dövlətidir...
 
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş