Hər il qeyd etdiyimiz 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü artıq dörd ildir ki, qalib ölkənin vətəndaşları olaraq böyük sevinc hissi və qürurla qeyd edirik. Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün böyük liderlərə ehtiyac duyulub. Bu müqəddəs missiyanı həyata keçirən ümummilli lider Heydər Əliyev də çoxmilyonlu Azərbaycanlıları birləşdirmək istəyi və amalı ilə bu tarixi hadisənin bünövrəsini qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Bu, müstəqilliyini yenicə bərpa etmiş bir ölkə üçün son dərəcə önəmli bir qərar idi və tarixi proseslərin sonrakı gedişi bu qərarın əhəmiyyətini dəfələrlə sübut etmişdir. O zaman Naxçıvan Ali Məclisi bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi. Nəticə etibarilə ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etməklə həmrəyliyin hüquqi və siyasi təsdiqini reallaşdırmış oldu.
Həmin ildən etibarən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü harada yaşamalarından asılı olmayaraq soydaşlarımız tərəfindən təntənəli şəkildə, xoş əhval-ruhiyyə ilə qeyd olunur. İldən-ilə bu bayrama maraq da durmadan artmaqdadır. Bayramın qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib.
Bu tarixi hadisə xaricdə yaşayan on milyonlarla soydaşımızın milli təşəkkülünün, özünüdərk hissinin formalaşması, onların müstəqil Azərbaycan dövləti ətrafında təşkilatlanması, mənəvi, siyasi birliyinin təmin edilməsi işində təkanverici bir amil oldu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə böyük təmtəraqla qeyd olunan milli birlik, bütövlük günümüz qısa müddətdə milli təfəkkür tərzinə çevrilərək dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli qürur, mənəvi dayaq və ümid günü oldu. Bu gün, Həmrəylik günü, dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca əhəmiyyətli rol oynayır.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bir sözlə, dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin institutlaşdırılması üçün Ulu Öndər misilsiz işlər görmüşdür və Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi də bu istiqamətdə uğurla həyata keçirilmiş işlərdən biridir.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, yəni hazırki Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.
Dünya Azərbaycanlıları ilə aparılan uğurlu fəaliyyət stratejiyasının nəticəsi özünü 44 günlük Vətən savaşında da göstərdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərkən xarici ölkələrdə yaşayan soydaşlarımız möhtəşəm birlik nümayiş etdirdilər. Onlar anti-Azərbaycan dairələrinin məkrli təxribatlarının qarşısının alınması, müharibə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qətiyyətlə mübarizə apardılar. Nəticədə Dnüya Azərbaycanlıların Qurultayları artıq işğaldan azad edilmiş əraqzilərdə keçirilir. 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının keçirilməsi bunun bariz sübutudur.
Heç bir şübhə yoxdur ki, xalq olaraq həmrəyliyimiz bundan sonra daha da möhkəmlənəcək, dövlətimizin, Vətənimizin inkişafı, çiçəklənməsi yolunda birlik nümayiş etdirərək yeni-yeni uğurlara imza atacağıq.
Yusif Bağırzadə, politoloq