Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehranın anti-Azərbaycan siyasəti

Tehranın anti-Azərbaycan siyasəti


İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin dövlət televiziyası olan "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə ölkəmiz və dövlət rəhbərimizə qarşı təhqiramiz ifadələr işlətməsi rəsmi Tehran tərəfindən aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsidir.

Son dövrlər İran daxilində Azərbaycana qarşı qərəzli fikirlərin çoxalması, istər siyasilər, istərsə də din xadimləri tərəfindən məqsədli şəkildə həyata keçirilən kompaniya aydındır ki, bir nöqtədən idarə olunur.

Belə olduğu təqdirdə bir müddətdir ikitərəfli əlaqələrin bərpası istiqamətində görülən işlərin məntiqinə zidd davranışların sərgilənməsinin səbəbi nədir?

Bunu həm İran daxili, həm də xarici proseslərlə əlaqələndirə bilərik.

Daxili kontekstdə İranın narahatlıqları əsasən Azərbaycanın 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra daha da artmağa başladı. Cənubi Azərbaycanlı soydaşlarımız arasında cənab Prezidentə və ölkəmizə qarşı rəğbətin, inamın artırması molla rejiminin çəkindiyi və qorxduğu ən birinci situasiyadır. Çünki İranda baş verən istənilən inqilab və hərəkatların aparıcı qüvvəsi hər zaman azərbaycanlılar olmuşdur. Məhz bu səbəbdən İranda soydaşlarımıza qarşı şah dövründən başlayan assimilyasiya siyasəti tətbiq edilir. Məqsəd milli ruhu, milli kimliyi və ideyaları məhv etməkdir.

Xarici istiqamət isə tamamilə regionda dəyişən yeni geosiyasi reallıqlarla bağlıdır. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda nüfuzunun artması, TDT çərçivəsində Turan ideologiyasının təşəkkül tapması və Yaxın Şərqdə İranın müqavimət oxunu adlı siyasətinin fiaskoya uğraması İranın sərhədləri daxilinə çəkilməsini şərtləndirir. Çünki növbəti proseslər hesab edirəm ki, İranı daxildən zəiflətməyə hesablanıb. Belə bir zamanda Bakının bölgədə mövqelərini gücləndirməsi, xüsusilə, Suriya kontekstində Ankara ilə birgə hərəkət etməsi və yeni qurulan müvəqqəti hökumətə humanitar yardım göstərməsi Tehranda qıcıq yaratmaya bilməzdi.

Lakin, İran rəsmiləri başa düşmür ki, Azərbaycanla münasibətləri gərginləşdirmək və yaxud hədə qorxu gəlmək faydasız olmaqla yanaşı, ilk növbədə onların özünə zərər verir.

Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri
Xəbəri paylaş