Əziz həmvətənlər, Sizin hər birinizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edir, möhkəm can sağlığı, ən xoş arzularımı çatdırıram.
Ulu öndərimiz Heydər Əliyevin bizə bəxş etdiyi Azərbaycan xalqının milli birliyinin, bölünməzliyinin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəylik günü çoxmilyonlu soydaşlarımız üçün ən mühüm günlərdən biridir.
33 ildir ki, Dünya azərbaycanlıları ümummilli birliyinin, həmrəyliyinin rəmzi olan bu bayramı yüksək səviyyədə qeyd edir.
•
Yola saldığımız 2024-ci ildə milli həmrəyliyimizin daha da gücləndi, xalqımız milli ideya ətrafında sıx birləşdi.
•
2024-cü ilin ən böyük uğuru ilk dəfə suveren Azərbaycanın bütün ərazilərində fevralın 7-də keçirilən Prezident seçkiləri oldu. Xalq bu Zəfər seçkisində Cənab İlham Əliyevə yenidən etimad göstərərək ali kürsüyə seçdi.
Cənab Prezident bu il sülh quruculuğu istiqamətində qətiyyətli diplomatik əzmkarlığını davam etdirdi və Ermənistanla birgə yaradılan delimitasitya komissiyaları arasında baş tutan 8-ci görüş mühüm tarixi yeniliklərlə yadda qaldı. Aprelin 19-da iki ölkə heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində tarixi qərar qəbul etdi və işğalı altında olan 4 kəndimiz sülh yolu ilə geri qaytarıldı.
2024-cü ildə xarici siyasət kursumuz da uğurlarla müşayiət edildi. Azərbaycanın dövlət başçısı bir çox xarici ölkə rəhbəri ilə mühüm sazişlər imzaladı ki, ölkəmizin mövqeyi möhkəmləndi.
Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması böyük siyasi qərar idi.
İyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində “Qarabağ Bəyannaməsi” imzalandı ki, bu da ən möhtəşəm siyasi hadisə kimi tarixə həkk olundu.
Azərbaycan cari ildə beynəlxalq iqlim ailəsinin etimad göstərərək həvalə etdiyi COP29 sammitini ən yüksək və mütəşəkkil təşkilatçılıq qabiliyyəti ilə keçirdi və dünya COP hərəkatına öz layiqli möhürünü vurdu.
Yola saldığımız ildə ölkəmizin iqtisadi həyatında saysız uğurlar da əlamətdar oldu.Xüsusilə də azad ərazilərdə yeni müəssisələrin və yaşayış evlərin açılışı, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl və digər ərazilərə ilk köçün baş tutması mühüm qürurverici səhnələr oldu.
Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlması hər birimizin sevincinə səbəb oldu.
2024-cü ildə xaricdə yaşayan soydaşlarımızla əlaqələrin vahid əlaqələndirilməsi, tarixi Vətənlə sıx həmrəyliyin güclənməsi istiqamətində də diplomatik uğurlarımız oldu.
Bu gün bütün Dünya azərbaycanlılarını birləşdirən qalib dövlətdir. Bütün həmvətənlərimiz müstəqil, suveren və güclü Azərbaycanla fəxr edir, başları dik, alnıaçıq, üzüağ yaşayırlar.
2024-cü il Qərbi Azərbaycan İcmasının fəaliyyətindəki xüsusi fəallığı da bizim tarixi torpaqlarımıza qayıdışı üçün həmrəylik hərəkətı kimi qiymətləndirilə bilər.
Əminəm ki, bu həmrəyliyimiz və birliyimiz bizim Qərbi Azərbaycana qovuşmağımızı da təmin edəcək.
Bir daha Sizi, Həmrəyliyi Bayramı və Yeni il münasibətilə ürəkdən təbrik edir, ailənizdə xoşbəxtlik və firavan günlər, yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor