Bu günlərdə İranın ali dini rəhbəri sayılan Seyid Əli Xameneinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amelinin iştirakı ilə keçirilən bir tədbirdə Azərbaycana və Türkiyənin dövlət başçılarına qarşı xoşagəlməz ifadələrin səsləndirilməsi bir daha onu göstərir ki, İranın molla rejimi də Pəhləvi şah rejimi kimi türk düşmənçiliyi siyasətini davam etdirir və "İslam Respublikası" pərdəsi altında əslində fars şovinizminin güclənməsinə şərait yaradır.
Ərdəbildə hökumət rəsmilərinin də iştirak etdiyi həmin mərasimin İran dövlət televiziyasında canlı yayımlanması Azərbaycan və Türkiyə əleyhinə rəsmi səviyyədə təbliğat aparıldığını əyani surətdə təsdiq edir. Ona görə də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi sözügedən tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etirazın bildirilməsi tamamilə düzgün addımdır.
Molla rejimi bu cür qızışdırıcı hərəkətlərə, təxribatlara təcili son qoymalıdır. Çünki Amuli kimi provokatorların təhrikedici addımları İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin korlanmasına xidmət edir. Belələri İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan təbliğatı aparmaqla, nifrət və düşmənçilik ab-havası yaratmaqla dövlətlərarası və insanlararası münasibətlərin normallaşmasına qəsdən mane olurlar.
Rəsmi Tehran həqiqətən də Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında və genişlənməsində maraqlıdırsa, Seyid Həsən Ameli kimi araqarışdıranlarla bağlı təxirəsalınmaz tədbirlər görməli, ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlməyən hərəkətlərin qarşısı qeyd-şərtsiz olaraq alınmalıdır. Molla rejimi Azərbaycana qarşı bu kimi təxribatlara son qoymasa, bu hərəkətlərin arxasında bilavasitə onun özünün dayandığını sübut etmiş olacaq. Beləliklə, Amulinin təxribatı molla rejiminin özünü ifşa edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri