Dövlət müstəqiliyi bərpa edildikdən sonra Azərbaycan həm dünya birliyinin, həm də MDB dövlətlərinin tədbirlərində fəal iştirak edir, özünün siyasi xətti ilə tanınır, öz iradəsini xarici siyasətinin başlıca istiqamətinə çevirir. Bu, Azərbaycanın dövlətlərarası münasibətlər sistemində nüfuzunun daha da artmasında mühüm vasitələrdən biri olub.
Ermənistan Azərbaycandan ərazi iddiasına düşəndə də, bu iddiaya görə elan etmədən ədalətsiz müharibə aparanda da, Azərbaycan bu ədalətsiz müharibəyə görə ədalətli müharibəyə başlayanda da, haqq, ədalət Zəfər qazananda da dünyanın bəşəri dövlətləri Azərbaycanı dəstəkləyirdi.
İki dövlət arasında baş verən hadisələrə münasibət həmişə eyni olmayıb. Dekabr ayının 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya Federasiyası ərazisində vurulmasına da münasibətlərdə bəzi dövlətlərin mövqeyi gerçəkliyi ifadə etmədi. Ərazi Rusiyanın ərazisidir, hadisə Rusiyanın ərazisində olub. Ancaq Rusiya bu miqyaslı cinayətə vaxtında ciddi, gerçək münasibət bildirmədi. “Niyə?”lər çoxdur...
Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi hadisəyə münasibətlərin reallıq prizmasından təhlili kimi tarixləşdi. Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Zirvə görüşünə uçarkən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasına görə Bakıya qayıdan dövlət başçımızın göstərişi ilə Dövlət Komissiyasının yaradılması, Azərbaycan Baş Prokurorluğunun cinayət işi açması bu cinayətin baş vermə səbəblərini və necə baş verdiyinin açılmasını təmin edəcəkdir.
Müsahibə qəzanın (cinayətin) baş vermə ehtimalının gerçəklik fonunda şərhi kimi qəbul edilməlidir: təyyarəmizin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınması, bunun təyyarəyə yetirilən birinci xətər olması, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin böyük dərəcədə zədələnməsi, füzelyajın dəlik-deşik olması, cinayətin əlamətləri yox, yerinə yetirilmə ardıcıllığını göstərir və Azərbaycan Respublikasının Prezidenti bunu diqqətə çatdıraraq bildirir ki, “Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan
Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik...”.
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin məntiqi sualları cinayətin baş vermə səbəblərinin aşkarlanmasına istiqamətlənmiş suallardır: Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu?
Müsahibədə bir məqam da diqqəti çəkir: Rusiyanın bu işi Dövlətlərarası Aviasiya Komitəsinin araşdırmasını təklif etməsi və Azərbaycanın bu təklifi rədd etməsi: “...sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır...”.
Azərbaycan Respublikasının Presizdenti cənab İlham Əliyev müsahibəsində diqqəti ictimaiyyəti düçündürən bir sıra ciddi suallara da yönəldib: Nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün təyyarə yaxında olan hava limanlarına eniş cəhdi etməyib? Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Dövlət başçımız həm də bildirdi: “Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq”...
Ekipaj üzvlərinin təltifi ilə bağlı sərəncamı olacağıını bldirən dövlət başçımız dedi ki, “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz...”.
Qazaxıstanın dəstəyini və həmrəyliyini, AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşlarının dayandırıldığını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə nəticə olaraq bildirdi: “...Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir...”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi cinayət haqqında ictimaiyyəti də, dünya ictimaiyyətini də cinayətlə bağlı gerçəkliklərlə ətraflı məlumatlandırdı. Araşdırmalar bitəndən, qəzanın təfərrüatları tam araşdırıldıqdan sonra bu versiyaların gerçəkliyinə şübhə qalmayacaq. Həm də Azərbaycan maksimum ədalətli olmağa çalışdığına görə...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı