"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın 14-15 yanvar tarixlərində Vaşinqtonda işgüzar səfəri və burada dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür. Çünki, bu görüşdən bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq:
"Belə olan halda Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir? Daha əvvəl belə bir xəbər yayılmışdı ki, ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki, Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır. Ancaq əgər Ararat Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək ortada nəsə var. Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla nəsə imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur".
Anar Əliyev