"Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir. Baş Nazir N.Paşinyanın da Konstitusiyaya uyğun olaraq səlahiyyət müddəti həmin ildə başa çatmış olur. O dövrə qədər mən indiki baş nazirin vaxtından qabaq postundan istefa verəcəyini düşünmürəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu erməni baş naziri Nikol Paşinyanın istefa verməs barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. O deyib ki, bunun üçün elə bir şərtlər də mövcud deyil:
"Xaricdə və daxildə bəzi qüvvələr, siyasi güc mərkəzləri hazırkı baş nazirin fəaliyyətindən narazı ola bilər ancaq, ümumilikdə erməni cəmiyyəti Paşinyana dəstəyini saxlamaqdadır. Doğrudur hakimiyyəti bir qədər zəifdir, tam müstəqil və sərbəst siyasət yürütməsində çətinlikləri var. Lakin Ermənistan kimi dövlətlərin hakimiyyətlərində belə hal xarakterikdir. Çünki bu dövlət həmişə kənar güclərin təsiri altında olub. Digər tərəfdən Paşinyana Qərbin də dəstəyi var. Xüsusən də Fransanın simasında müttəfiqi var. Məlum olduğu kimi Parisin də İrəvana çox böyük təsiri var. Rusiyanı qıcıqlandıran bəzi xətlər və addımlar görsək də Moskvanın hakimiyyət dəyişikliyi ilə bağlı hərəkətliliyini görmürük. Sərt etirazlarla rastlaşılmayıb. Məncə Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələri və siyasi liderləri analiz edərkən onlara nisbətən Paşinyan daha kompromisli hesab oluna bilinər".
Əli Oruclu deyib ki, Ermənistan-Azərbaycan arasında yaradılan kövrək münasibətlərin və ləng gedən sülh prosesinin indiki mərhələsində hakimiyyət dəyişikliyi əlavə problemlərə yol açar, işləri daha da çətinləşdirə bilər:
"Bütün bunları diqqətə alıb Ermənistanın bəzi KİV-lərində Paşinyanın yaxın vaxtlarda istefaya gedəcəyi barədə yazılanlanları əsasız və qeyri-real hesab edirəm. Paşinyan hələ də populyarlığını saxlamaqdadır".
Süleyman