Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsi ilə ASK arasında yaradılan Əməkdaşlıq Şurasının birinci görüşü keçirilib

Dövlət Gömrük Komitəsi ilə ASK arasında yaradılan Əməkdaşlıq Şurasının birinci görüşü keçirilib

Newscenter.az.31.05.2019. Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında yaradılan Əməkdaşlıq Şurasının birinci görüşü mayın 27-sində keçirilib. Newscenter.az-a ASK-dən bildirilib ki, görüşdə ASK-nı Konfederasiyanın vitse-prezidenti Vüqar Abbasovun rəhbərlik etdiyi sahibkarlardan ibarət nümayəndə heyəti və konfederasiyanın aparat üzvləri təmsil edirdi.

Dövlət Gömrük Komitəsindən isə Şuraya komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun başçılıq etdiyi nümayəndələr daxil idi.” İ.Hüseynov görüşü açaraq, Azərbaycanda biznes mühitinin formalaşmasında uğurlar əldə olunduğunu və beynəlxalq ticarət zəncirində Azərbaycanın rolunun getdikcə yüksəldiyini qeyd etdi. İdxal-ixrac əməliyyatlarında Dövlət Gömrük Komitəsinin üzərinə düşən vəzifələrə toxunan İ.Hüseynov sahibkarların rahat və asan şəkildə idxal-ixrac əməliyyatlarını həyata keçirmələri üçün köklü islahatların aparıldığını söylədi.
“Hər bir azərbaycanlının yaxşı yaşaması üçün qarşımıza qoyulan vəzifələri icra etməyə çalışırıq. Köklü islahatlar nəticəsində tam fərqli və tam şəffaf fəaliyyət qurmaq üçün hər hansı problemi dərhal aradan qaldırırıq”, deyən sədr müavini “Əməkdaşlıq Şurası”nın əsasnaməsinin təsdiq edilməsi və ASK tərəfindən gündəliyə salınan səkkiz məsələ ətrafında müzakirələrə hazır olduqlarını vurğuladı.

ASK-nın vitse-prezidenti Vüqar Abbasov səmimi qəbula görə Komitə sədri Səfər Mehdiyev başda olmaqla rəhbərliyə təşəkkür etdi və Əməkdaşlıq Şurasının daha sıx koordinasiya quraraq birlikdə bu sahədəki problemlərin aradan qaldırılmasına çalışacaqlarını dedi.

Müzakirələrdə çıxış edən sahibkar Bəşir Quliyev “fresh” kateqoriyasına daxil olan məhsulların keyfiyyətini daha tez itirdiyini vurğulayaraq, gömrükdən keçmə müddətlərinin uzandığını və nəticədə Azərbaycan məhsullarının Rusiya bazarına gec çatdığını, rəqabətdə gerilədiyini söylədi.

“Bilirsiniz ki, bu kateqoriyada bəzən xurma, bəzən isə pomidor birinci olur. İndi pomidor mövsümüdür və əvvəllər Azəraycan məhsulları Rusiya bazarına 4-5 günə çatırdısa, indi bu 7-8 gün çəkir”, deyən B.Quliyev bu problemə diqqət yetirməyi xahiş etdi. O, eyni zamanda yerli istehsalın artması və investisiya cəlb edilməsi üçün çox önəmli stimul rolunu oynayan təşviq mexanizmlərinin işləməsində çətinliklərin olduğunu, ölkəyə gətirilən avadanlıqların gömrükdən keçirilməsində maneələr yarandığını söylədi.

Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən müzakirələr və təkliflərin rəsmiləşdirilərək Dövlət Gömrük Komitəsinə təqdim etməsi qərara alındı.
Xəbəri paylaş