Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistlərin Şəkiyə mediaturu təşkil edilib-FOTOLAR



Newscenter.az.19.07.2019.
Aqrar sektorun inkişaf etdirilməsi, fermerlərlə səmərəli işin qurulması məqsədilə bir sıra layihələrə imza atan Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin Şəkiyə səfəri təşkil edilib. “Şəhərdən kəndə” layihəsi çərçivəsində baş tutan mediatur zamanı kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Şəkidəki Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) olublar.

Əvvəlcə sözügedən layihə barədə jurnalistləri ətraflı şəkildə məlumatlandıran Dövlət Aqrar Ticarət Şirkətinin mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib ki, layihə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən start verilib. Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən həyata keçirilən layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi dəstək verir. Mayis Musayevin sözlərinə görə, layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır. DATŞ sözçüsü deyib ki, layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək.

Mərkəzin fəaliyyəti, gördüyü işlər barədə media nümayəndələrini məlumatlandıran Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Mehman Yusifov deyib ki, təmsil etdiyi qurumun əsas fəaliyyəti fermerlərlə sıx əlaqədə işləmək, onlara texniki və maarifləndirici xarakterli yardımlar göstərmək, eyni zamanda onlar üçün təlimlər təşkil etməkdir. Mehman Yusifov Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq Dövlət Turizm Agentliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi ilə yaxından əməkdaşlıq etdiklərini söyləyib. Mərkəz rəhbəri deyib ki, Şəki DAİM fəaliyyət göstərdiyi qısa müddət ərzində çoxsaylı təlimlər, maarifləndirici xarakter daşıyan tədbirlər keçirib. Həmçinin mexanizatorlar üçün də Şəki DAİM müntəzəm olaraq təlimlər təşkil edir və onlara sürücülük vəsiqələri verir.

Çıxışı zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi barədə də danışan Mehman Yusifov deyib ki, Şəkidə də bu proses uğurla həyata keçirilir və bu günə qədər 10000 nəfər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən qeydiyyatdan keçib.

Mehman Yusifovun məlumat xarakterli çıxışından sonra kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli “Aqrar sektorda müasir trendlər” mövzusunda məruzə ilə çıxış edib. Əsassən çıxışını qidalanma, xüsusilə də sağlam şəkildə qidalanma üzərində quran Nicat Nəsirli deyib ki, əhalinin sağlam şəkildə qidalanması bu gün günümüz üçün ən aktual məsələlərdən biridir. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da bu məsələnin diqqət mərkəzində olduğunu deyən ekspert ötən müddət ərzində ölkəmizdə qeyd edilən istiqamətdə çox ciddi işlər görülüb. Qidaların dadında olan dəyişikliyə gəlincə, Nicat Nəsirli bunu coğrafi mühit və ətraf aləmdə baş verən proseslərlə əlaqələndirib. İnsanların ən çox qida məhsullarından istifadə etdiyini deyən Nicat Nəsirli bildirib ki, bütün dünyada aylıq gəlirlərin 70 faizi qidaya sərf edilir.

Onun sözlərinə görə, insan 70 il yaşasa, o halda 50 ton qida sərf etmiş olar. Nicat Nəsirli bildirib ki, insanın ən çox istifadə etdiyi qida məhsulu un və un məmulatlarıdır ki, bu da il ərzində 134 kiloqram unun sərf edilməsi deməkdir. Gələn il dünya əhalinin sayının 7 milyardı ötəcəyini deyən Nicat Nəsirlinin sözlərinə görə, bu da qida məhsullarına olan tələbatın artacağı deməkdir. Ekspert onu da nəzərə çatdırıb ki, hazırda dünyada hər 9 nəfərdən biri aclıqdan əziyyət çəkir.

Daha sonra media nümayəndələri Şəkidəki BioGarden bağçılıq təsərrüfatına gedib, orada yaradılan şəraitlə tanış olublar. Təsərrüfatın rəhbəri Etibar Nuriyev media nümayəndələrinə məlumat verib ki, 8 hektar ərazidə yerləşən təsərrüfatda bütün məhsullar tam orqanikdir və onlara heç bir kimyəvi maddə, yaxud bir başqa qatqı vurulmur.

Təsərrüfatda müxtəlif meyvə ağac və kolları becərən Etibar Nuriyevin təsərrüfatı həm yerli turistlər, həm də xarici qonaqlar üçün də açıqdır. Etibar Nuriyev media nümayəndələrinə verdiyi açıqlamada bütün bu əldə edilən uğurlara görə, dövlətə, dövlət başçısına, Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirib. O, qeyd edib ki, dövlətin fermerlərə olan diqqət və qayğısı onları daha məhsuldar işləməyə vadar edir.
Xəbəri paylaş