Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib



Newscenter.az.27.11.2019. Noyabrın 27-də SOCAR-ın təşkilatçılığı ilə “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Newscenter.az SOCAR-a istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İP-nin Rezident nümayəndəsi Alessandro Frakasetti, Energetika nazirinin müavini Elnur Sultanov, dünyanın müxtəlif aparıcı şirkətlərinin və təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Beynəlxalq konfransın açılış sessiyası öz işinə iqlim dəyişmələrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə açılış nitqi ilə çıxış edərək, son illərdə ən mühüm ekoloji problemlərdən birinin iqlim dəyişmələri olduğunu bildirib. Qeyd edib ki, alimlərin gəldiyi nəticəyə görə, bu problem birbaşa atmosferdə istilik yaradan qazların artması ilə bağlıdır. R.Hüseynzadə SOCAR-ın fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşdırılması işlərinin davamlı olaraq aparıldığından söz açıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxışında qeyd edib ki, neftçıxarma bəşəriyyətə böyük faydalar və üstünlüklər gətirməklə bərabər həm də bir sıra ekoloji risklər yaratmaqdadır. Həmin risklərin minimuma endirilməsi bütövlüklə cəmiyyətin üzərinə böyük vəzifələr qoyur. Bu baxımdan neft və qaz hasilatçıları qarşısında istehsalat sahələrində ətraf mühitin çirklənməsinə yol verməmək istiqamətində daha mühüm öhdəliklər durur. Son illərdə ekoloji problemlərinin həlli üzrə SOCAR-da həyata keçirilən kompleks tədbirlər proqramından danışan şirkət prezidenti qeyd edib ki, SOCAR, bir çox şirkətləri qabaqlayaraq, neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən olan lay sularının qapalı sistemdə utilizasiyasını 100%-ə çatdırıb. Sovet dövründə yararsız vəziyyətə düşmüş torpaqların bərpası istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayan R.Abdullayev şirkətin müəssisə və təşkilatlarının balansında olan 2000 hektardan artıq ərazinin rekultivasiya edildiyini, həmin torpaqlarda yaşıllıqlar salındığını nəzərə çatdırıb. Qeyd olunub ki, SOCAR daim öz birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarını nəzarətdə saxlayır, bu məqsədlə müvafiq monitorinqlər keçirir. Dünya praktikasinda qəbul olunmuş məşəldə yandırılma əmsalı 5% olduğu halda, 2018-ci ildə Azərbaycanda cəmi 1% təşkil etmişdir. Cari ildən isə bu rəqəm 0.9%-ə enib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə həyata keçirilən ekoloji layihələrdən bəhs etmiş, ekoloji maarifləndirmə üçün bu cür tədbirlərin keçirilməsini təqdir edib.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz iqlim dəyişmələri, enerji sahəsində baş verən keçid prosesləri və qarşıda duran vəzifələrdən bəhs edib, neft və qaz hasilatı ilə məşğul olan şirkətlərin enerjiyə artan tələbatı istixana qazları emissiyasını azaltmaq şərti ilə ödəməli olduqlarını bildirib.

Zaur
Xəbəri paylaş